“Nişanlı idi, noyabrda toy edəcəkdik…”-Şəhid hərbçimizin atası+FOTOLAR

Erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı hərbçimiz Səid Sarıbala oğlu Həsənov sentyabrın 14-də doğulduğu Cəlilabad rayon Əsədli kəndində böyük izdihamla dəfn edilib.

 

Məcra.az saytı olaraq şəhidimizin ailəsinə baş çəkmək üçün doğulduğu kəndə yollandıq. Bizi şəhidimizin əmisi Kərəm kişi və yaxınları qarşıladı. Səidin atası və qardaşının bir işlə bağlı rayonda olduqları deyildi. Söhbətə şəhidimizin əmisi Kərəm kişiylə başladıq. Səidin əmisi deyir ki, o, indiyə kimi qardaşı oğlunun kim olduğunu bilməyib:

 

“Səid 2010-cu ildə əgəri xidmətinə yollandı. 2013-cü ildən isə hərbçi kimi işləməyə başladı. Xüsusi Təyinatlı bölükdə xidmət edirdi. Ailədə beş uşaqdırlar-üç bacı və iki qardaş. Onun şəhid xəbərini alanda arxasıyca Gəncəyə getdim və orda Səidi gördüm. Sanki Səid yatmışdı. (Ağlayır) Elə gözəl yatmışdı ki, sözlə ifadə edə bilmirəm. Bədəninə baxanda gördüm ki, güllə ürək tərəfindən qolunun altından dəyib. Dostları deyir ki, düşmən bayrağını endirərkən Səidi qolunun altından vurublar. Səid 44 günlük Vətən müharibəsində də iştirak etdi. Bir dənə ona heyfsilənirəm ki, indiyə kimi mən Səidi tanımamışam. İndi bircə istəyim odur ki, dövlətimiz Səidə layiq olduğu adı versin. O, Milli Qəhrəmandır”.

Kərəm kişi Səidi dəfn etdikdən bir gün sonra onu yuxuda gördüyünü deyir:

 

“Dəfndən bir gün sonra yatıb yuxuda gördüm ki, Səid avtobusun pəncərəsindən mənə əl edib gedir. Ordan mənə bir məktub atdı. Məktubu açanda gördüm ki, bir şəkildi, dağdan su tökülür. Çox gözəl şəkil idi”.

 

 

Biz şəhid ailəsiylə söhbət edərkən Səidin bir vaxt hərbçi yoldaş olan gizir Ceyhun Əbilov da yaşadığı Saatlı rayonunda durub kəndə gəlmişdi. Ceyhun da bizimlə Səidlə bağlı xatirələrini bölüşdü:

 

“Səidlə üç il bir yerdə xidmət etdik. Çox güclü insan idi, yorulmaq nədir bilmirdi. Onun şəhid xəbərini eşidəndən özümə gələ bilmirəm. Kəndə gələndə məzarını ziyarət etdim ki, ruhu şad olsun. (Ağlayır)

 

Şəhidimizin atası Sarıbala dayı və qardaşı Gülbala da rayondan evə çatdılar və söhbətimizə onlarla davam etdik. Şəhid atası deyir ki, Səidlə sentyabrın 12-də telefonla danışıb:

 

“Səidlə təxminən iyirmi gündən çox idi ki, danışmırdım. Ancaq qardaşıyla yazışıb xəbər edirdi. Sentyabrın 12-də mənimlə telefonda danışdı. Dedim ki, özündən muğayat ol. Dedi ki, “məndən narahat olma, hər şey yaxşıdır”. Həmin gecə yatdım və səhərə yaxın sanki nəsə bir yuxu görürdüm və yerimdən diksinib durdum. Ondan sonra yata bilmədim. Qardaşımla qonşunun yeddi mərasimində idik. Orda qardaşıma zəng gəldi və qışqıranda bildim ki, Səid şəhid olub. Dedilər ki, yaralıdır, inanmadım. Səid nişanlı idi, noyabrda toy edəcəkdik”.

 

Qardaşı Gülbala deyir ki, Səid ona deyib ki, dərhal kəndə getsin:

 

“Mən Bakıda yaşayıram. Səid sentyabrın 9-da zəng vurub mənimlə danışanda dedi ki, “kəndə get, ata-ana təkdir, nəvələri üçün darıxırlar”. Mən də sentyabrın 10-da kəndə gəldim.  İki gün sonra isə Səid şəhid oldu. Sən demə Səid şəhid olacağını bildiyi üçün məni evə göndərib”.

Qeyd edək ki, şəhid Səid Həsənov 44 günlük Vətən müharibəsində iştirak etdiyinə görə aşağıdakı medallarla təltif edilib:

 

“Azərbaycan Bayrağı” ordeni, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medallarıyla təltif edilib.

 

Sonda şəhidimizin ailəsinə baş sağlığı verib, ordan ayrıldıq.

 

Vasif Əlihüseyn

Fotolar müəllifindir.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

PAGE TOP