İki il bundan əvvəl Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu. Tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqı 44 günlük Vətən müharibəsini də qalibiyyətlə başa vuraraq zəngin irsinə yeni şərəfli səhifə yazdı. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Bu qalibiyyət Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan, ötən 18 ildə isə Prezident İlham Əliyev tərəfindən ən müasir çağırışlar səviyyəsində həyata keçirilən ordu quruculuğunun mühüm nəticəsi kimi tarixə yazıldı.
27 sentyabr azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.
Müharibələrdə böyük qələbələrin əsasında duran ən başlıca amil xalq-dövlət-ordu birliyinin sarsılmaz vəhdətinin təmin olunmasıdır. İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyini nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kampaniyalara qarşı fədakarlıqla fəaliyyət göstərirdilər. Müharibənin gedişində xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Azərbaycanın bütün vətəndaşları etnik, sosial, dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik yarandı.
Bu tarixi Qələbə ilə Azərbaycan xalqı düşməndən qisas almış, şəhidlərimizin qanı yerdə qalmamışdır. Heç şübhəsiz, tarixi Zəfərin qazanılmasında xalqımızın milli həmrəylik, eləcə də ölkəmizdə fəaliyyət göstərən siyasi qüvvələrin birlik nümayiş etdirərək Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyinə birmənalı dəstək göstərməsinin mühüm rolu var. Vətənin bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlər, arxa cəbhədə çalışan mülki şəxslər, ümumilikdə, Azərbaycan xalqı cəsarət və qətiyyət göstərərək, bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirmişdir. Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətləri də milli məsələlərdə ölkədə siyasi birliyin göstəricisidir.
Siyasi partiyalar tərəfindən ümumilikdə 8 birgə bəyanat və 2 müraciət imzalanmışdır. Burada “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatları ilə əlaqədar”, “Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair”, “Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı”, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar” bəyanatlar, həmçinin “Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair” və müharibə dövründə 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin (o cümlədən 50 siyasi partiyanın) müraciətləri xüsusi olaraq qeyd olunmalıdır.
Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı. Azərbaycan xalqının qalibiyyət salnaməsinin müəllifi olan İlham Əliyev Vətən müharibəsinin qəhrəmanına çevrildi. Ona görə də həm hərb meydanında, həm də siyasi-diplomatik sferada qalib olan Prezident, Ali Baş Komandan İlham Əliyev ən ali xalq və dövlət təltiflərinə layiqdir.
Elçin Hüseynov,
Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi