2020-ci ilin 27 sentyabrından başlayaraq Azərbaycan Ordusu döyüş meydanında böyük rəşadət və şücaət nümayiş etdirdi. Vətən müharibəsi onu da təsdiq etdi ki, işğalçı dövlət Azərbaycanla hərb meydanında mübarizə aparmağa qadir deyil. İşğal siyasətinin qurbanı olan Ermənistan 30 il əvvəl necə idisə, elə də qalıb və inkişaf baxımından bir addım belə addımlaya bilməyib. Ermənistanın məğlubedilməz ordusunun olması barədə deyilənlər tamamilə əfsanə imiş. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi ilk gündən dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi.
Ötən 18 ildə Azərbaycanın müdafiə sisteminin gücləndirilməsi, Silahlı Qüvvələrin tərkibində olan bütün qoşunlarda həyata keçirilən islahatlar İlham Əliyevin öz vədinə sadiqliyini təsdiq edir. Bu illərdə İlham Əliyevin xüsusi nəzarəti, tapşırıqları, göstərişləri və təşəbbüsləri ilə təhlükəsizlik siyasətini həyata keçirən və bu istiqamətdə praktik fəaliyyət göstərən strukturlardan ilk növbədə ordunun yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi üçün gərgin, səmərəli və məqsədyönlü iş aparılıb. Çünki Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşıda dayanan ən əsas vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin daimi olaraq artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsi idi.
Bundan irəli gələrək Azərbaycanın maliyyə imkanlarının artması nəticəsində Silahlı Qüvvələrin tərkibindəki bütün qoşunların döyüş imkanlarının artırılması üçün qabaqcıl dövlətlərlə uğurlu əməkdaşlıq həyata keçirildi. İstər quru qoşunlarının, istər hərbi hava qüvvələrinin, istərsə də hava hücumundan müdafiə sistemlərinin döyüş imkanları ən müasir tələblər səviyyəsinə çatdırıldı. Bu mənada İlham Əliyevin rəhbərliyi ilə əldə olunan inkişafın Azərbaycan nümunəsinin əsas göstəricilərindən biri ordumuzun qüdrətlənməsi, döyüş qabiliyyətinin artırılması idi.
Azərbaycanın Cənubi Qafqazın ən qüdrətli ordusuna malik olduğunu yalnız yerli deyil, xarici mütəxəssislər də təsdiq edirlər. Reytinq agentliklərinin hesabatlarında Azərbaycan güclü orduya malik ölkələr sırasında yer alır. Ölkə vətəndaşları və beynəlxalq ictimaiyyət ordumuzda baş verən keyfiyyət dəyişikliklərini hərbi paradlarda da görmüşdülər. Təsdiq olunmuşdu ki, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan Ordusu arsenalını modern silah və hərbi texnika ilə zənginləşdirir, müasir döyüş imkanlarını uğurla mənimsəyir. Bu isə qalib xalq kimi bizi sevindirir və doğma Vətənin rifahı naminə yeni qələbələrə ruhlandırır.
Qəzənfər Ağayev,
Cəlilabad şəhərinin sakini,
Vətən müharibəsinin qəhrəmanı