Erməni təxribatı nəticəsində qəhrəmancasına şəhid olan Xüusi Təyinatlı hərbçi Kəlbiyev İsa Rəhim oğlunun bu gün yeddi mərasimi keçirildi.
Məcra.az-ın baş redaktoru Vasif Əlihüseyn şəhid hərbçimizin ailəsiylə görüşüb. Şəhidimiz haqqında həmin yazını təqdim edirik:
Yaxınları deyir ki, İsanın dünyaya gəlməyi də möcüzə olub…
Cəlilabadın Göytəpə qəsəbəsində şəhidimizin ata evində bizi İsanın atası Rəhim kişi və yaxınları qarşıladı. Şəhidimiz İsa Kəlbiyev 2002-ci il sentyabrın 21-də anadan olub. Dünən elə şəhidimizin doğum günü də qeyd olunub. İsa iki qardaşı və bir bacısından sonra dünyaya gəlib. Böyük qardaşıyla arasında 18 il yaş fərqi var. Yaxınları deyir ki, İsanın dünyaya gəlməyi də möcüzə olub.
Həkimlər deyib ki, qadının qarnında bəd xassəli şiş var…
Beləki, 2002-ci ildə İsanın anası Nəfisə xanımın qarnında şiş əmələ gəlib. Yaxınları Nəfisə xanımı həkimə aparıb və müayinədən sonra onun əməliyyat olunacağına rəy verilib. Həkimlər deyib ki, qadının qarnında bəd xassəli şiş var. Nəfisə xanım altı ay xəstəxanalarda müalicə olunsa da, həkimlər yenə də onun əməliyyat olunacağını bildiriblər. UZİ-də qadının bətnində uşaq olduğu görünməyib. Altıncı ayda növbəti dəfə Nəfisə xanımı müayinəyə aparıblar və məlum olub ki, qadın hamilədir. Bu hadisəyə həkimlər də məəttəl qalıblar. Doqquz aydan sonra İsa dünyaya gəlib. Bu dəfə baxanda görüblər ki, uşaq peyğəmbəridir, yəni sünnətli doğulub.
Məktəbdə Xocalı haqda hazırlanan tamaşada…
İsa məktəb vaxtı çox vətənpərvər şagird olub. Özü də idmanın karate növüylə məşğul olaraq bir çox naliyyətlər qazanıb. Orta məktəb vaxtı şəhidlərlə bağlı tədbirlərdə iştirak edib. Məktəbdə Xocalı haqda hazırlanan tamaşada hərbçi rolunda oynayıb və sonda düşmən gülləsindən “şəhid olub”. Atası deyib ki, bununla bağlı evdə tamaşanın çəkilişi də var.
Həmin gecə zəng vuraraq qardaşıyla halallaşıb deyib ki…
2020-ci il oktyabr ayında İsa hərbi xidmətə yollanıb. O, Xüsusi Təyinatlı bölükdə xidmət edib. Xidməti müddətində snayperçi kimi hazırlıq keçib. Vətən müharibəsindən sonra Laçında, Şuşada və digər işğaldan azad edilən torpaqlarda xidmət edib. Qardaşı Rahib deyir ki, sentyabrın 12-də gecə saatlarında İsa zəng vuraraq onunla halallaşıb. Deyib ki, özünüzdən muğayat olun, məndən narahat olmayın”. Bir neçə gün sonra isə İsanın şəhid xəbəri gəlib.
Dedi ki, anası İsanın şəhid xəbərini bilsə, ürəyi partlayacaq…
Atası Rəhim kişi deyir ki, İsanın anası onkoloji xəstədir: “İsanın şəhid xəbərini alanda Bakıdaydıq. Anası onkoloji xəstədir, orda müalicə olunurdu. Aldadıb anasını da rayona gətirdim. Yaxınlarım dedi ki, anası İsanın şəhid xəbərini bilsə, ürəyi partlayacaq. Dedim ki, nə olur olsun, İsanın şəhid xəbərini anası da bilməlidir. Bakıdan evə çatanda gördük ki, evimizdə millət var, artıq İsanın şəhid xəbərini anası da bildi. Həkimlər dərhal həyat yoldaşımı nəzarətə götürdülər. Böyük izdihamla İsanı dəfn etdik. Allah hamıdan razı olsun, insanlarımız şəhidinə böyük dəyər verir.
İsa elə bir qəhrəman oğuldur ki, ermənilər də onun haqqında süjet hazırlayıblar. Ermənilər özləri etiraf edir ki, İsa onlara necə qan uddurub”.
Sonda şəhidimizin ailəsiylə sağollaşıb ordan ayrıldıq. Allah şəhidlərimizə rəhmət eləsin.
Vasif Əlihüseyn