Yaxşı əsərin bir sepesifik cəhəti var: sən onu oxuyub bitirəndə, artıq oxumağa başladığın adam olmursan, nəsə dəyişir, nəsə yenilənir.
Böyük müəlliflər də belədir. Onlarla nəsə dəyişir, nəsə yenilənir və artıq ədəbiyyat əvvəlki ədəbiyyat olmur.
Bu gün belə müəlliflərdən birinin – Salam Sarvanın 60 yaşı tamam olur.
Mən Salamı ciddi-ciddi oxuyandan, daha doğrusu canıma çəkəndən sonra iki-üç il sözün arxasınca addım ata bilmədim.
Səntirlədim, büdrədim, müvazinətimi itirdim…
Uzun müddət şeir yazmadım!
Bir müddət sonra isə gəncliyi 90-cı illərə düşən bir çox qələm adamı kimi Salamı imitasiya eləməyə başladım.
Amma tez ayıldım, gördüm bu, iş deyil və xilas üçün üzümü Füzuliyə tutdum.
O da lap qəddarmış!
Salamdan sonra şeir yazmadımsa, Füzulidən sonra ümumiyyətlə əlimə qələm götürmədim.
Uzun fasilədən sonra isə şeirlə biryolluq vidalaşdım.
90-cı illərdə yazmağa başlayan şairlər əsasən üç yerə ayrılırlar:
1. Salamın döşündə dayana bilməyib yazmağın daşını atanlar;
2. Salamın döşündə onu imitasiya etmək bahasına dayananlar;
3. Salama dəyib özünə gələnlər və öz yolunu tapanlar.
Təəssüf, sonuncular çox azdır və əslində belə də olmalıdır. Çünki əsl yaradıcılıq iddialardan, qovğalardan, davalardan özünə çıxmaqdır.
Salam bir ölçü, bir meyar yaratdı, hətt özü də bir ölçüyə, bir meyara çevrildi. İyirmi ilə yaxın Azərbaycan poeziyası “onun gömrüyü”ndən keçdi.
Tələblər çox yüksək idi, rüşvət-tapşırıq işləmirdi, ona görə, bu üzə barmaq sayı adam adlayırdı və o xaotik dövr Salamın hesabına durulur, təmizlənir, daşlar yerinə otururdu.
Salamın sayəsində istedadsız bozluq daha aydın seçilir, ədəbiyyata bankomat kimi baxan dələduzlar daha rahat ifşa olunurdu.
Salamın ağlagəlməz həddə sıxdığı qaykalar sarvat olmuş şairləri gülməli bir boşluqda saxlayırdə və istedadlı gənclərdə ədəbiyyatın möhtəşəmliyinə, yenilməzliyinə, əlçatmazlığına böyük inam yaradırdı.
Salam Azərbaycanın müstəqilliyinə Tanrının şeir hədiyyəsi idi.
Yubanmadan gəldi, ayaqlara düşən, düşürülən şeirimizi Füzuli ucalığına qaytardı.
Özü də çox qısa zamanda ədəbiyyatda təmənnasızlığın, səmimiliyin, dürüstlüyün rəmzinə çevrildi.
Onu qucaqlayanda həmişə həyəcanlanıram. Elə bilirəm bədənindən sızıltı eşidəcəm. Axı mən bu sızıltının mövcudluğuna adım kimi əminəm. O şeirlərin, özü demiş, canından necə yonulub çıxdığını bilirəm.
Adamların kənardan Salama həsədlə baxmasını anlayıram, lakin həm də vəziyyət mənə gülməli gəlir; onlar gerçək ədəbiyyatın bəri üzündəki uğuru görürlər, o üzündəki ağrıları, məhrumiyyətləri görmürlər.
Tərəzinin bir tayına yaxşı şeiri qoy, o biri tayına həqiqi bir şairin iztirablarını – heç kim yiyə durmaz!
Salamdan başqa!
Salam kimilərdən başqa!
Özü bu məqamı çox gözəl ifadə edir: “Şairlik mənim başıma qəza kimi gəldi…”
Salamın hansı ədəbiyyat ağrıları ilə yaşadığını görəndə indi də sarsılıram. Otuz ildir eyni sarsıntını hər dəfə təzədən yaşayıram.
Nə qədər qəribə səslənsə də, xəstələnməyini ona Tanrının lütfü sayıram. Daha ağır sınağa saldı və ölümün eşiyindən qaytardı ki, sakitləşsin, dincəlsin, rahatlıq tapsın. Ata qayıqda narahatlıq yaşayan oğlunu dənizə atıb təzədən çıxartdığı kimi…
İndi Salam zülmə, istibdada boyun əymiş mazut qoxulu vətən gölməçəsində üzən söz qayığının küncündə sakitcə büzüşərək oturub.
Üşüyür, donur, amma nə tərpənir, nə də rahatlığını pozur.
O indi bir vaxtlar söz kimi yazdığı “darıxma, düzəlməyəcək” misrasının gerçəkliyini yaşayır.
Yaşamaq və yazmaq isə elə bir duyğudur ki, sən ondan Azərbaycan kimi dəlixanada da əl çəkə bilmirsən.
Salamla bu qədər çətindirsə, Salamsız lap dözülməz olardı!
Nə yaxşı var, nə yaxşı bizimlədir…
Şərif Ağayar, yazıçı
👁 24 baxış
