Qulu Ağsəs: “Ən çətin iş istədiyini yığcam şəkildə çatdıra bilməkdir”

Jurnalist tək mətnə deyil, başlığın seçiminə də xüsusi diqqət yetirməlidir.

Mecra.az xəbər verir ki, bu fikirləri “Ulduz” jurnalının baş redaktoru, jurnalist, yazıçı, şair Qulu Ağsəs Report Media Məktəbinin tələbələri ilə keçirilən görüşdə səsləndirib.

Q.Ağsəs qeyd edib ki, fikri qısa, aydın formada ifadə etmək xüsusi istedad tələb edir.

“Mənim vaxtım çoxdur, ona görə esseləri qısa yazıram. Kiminsə vaxtı azdırsa, o uzun-uzadı yazacaq. Ən çətin iş istədiyini yığcam şəkildə çatdıra bilməkdir. Fikri ən gözəl ifadə edən adamlar hədəfi vururlar. Yazıçı nə istədiyini, nəyə doğru getdiyini bilməlidir “, – yazıçı bildirib.

Şair şeir yazmağın gözlənilmədən yaranan hislərə bağlı olduğunu vurğulayıb.

“Mən jurnalistikanı idarə edirəm, ədəbiyyat isə məni. Yaradıcılıq insanı gecə yuxudan belə oyada bilər. Ona görə də yanımda daim qələm gəzdirirəm. Ədəbiyyat tələskənliyi sevmir. Bir gündə yazdığı mətni həmin an sayta yerləşdirənlər az deyil. Heç həmin yazını ikinci dəfə belə oxumurlar. Bu ədəbiyyat, bədii publisistika deyil. Sadəcə söz yığınıdır”, – Q.Ağsəs bildirib.

Qylu Ağsəs 1969-cu ildə Ağdam rayonunun Gülablı kəndində doğulub.

1991-ci ildə “168 saat” qəzetində jurnalist fəaliyyətinə başlayıb. Azərbaycan Dövlət Teleradio Şirkətində, “Azad Azərbaycan” və fərqli qəzetlərdə müxtəlif vəzifələrdə çalışıb. 2014-cü ildən “Ulduz” jurnalının baş redaktorudur.

İlk mətbu şeiri 1980-ci ildə “Pioner” jurnalında dərc edilib. 1990-cı ildə “Ulduz” jurnalında silsilə şeirləri işıq üzü görüb. “Sənsən hər yer”, “Nabran novellası”, “Yorğun ağacam”, “Görsən üşüyürsən… “, “Saat 6-nı gözləyirəm” kimi kitabların müəllifidir.

2015-ci ildə Əməkdar jurnalist adına layiq görülüb (Report).

 

👁 42 baxış