Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirakı və diqqət mərkəzində olması, eləcə də mühüm bəyanatları belə deməyə zəmin yaradır ki, ölkəmiz artıq daha geniş və münbit siyasi-iqtisadi addımlarını atmaqda davamlıdır. Dövlətimizin başçısı Sammitdə çıxış edərkən bildirib ki, Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq.
Prezident İlham Əliyev Sammit iştirakçılarının diqqətinə çatdırıb ki, bu il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törədib. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə alıblar. O, qeyd edib ki, Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Azərbaycan postmüharibə dövründə üzərinə düşən bütün öhdəliklərə əməl edir, sülh müqaviləsinin imzalanmasında, məlum 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli sənədlərinin icrasında zəruri addımlar atır, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüşlərdə əldə olunan anlaşmaların şərtlərini yerinə yetirir. Ümumiyyətlə, Azərbaycan sülh sazişinə doğru gedilən yolda bütün maneələri qətiyyətlə aradan qaldırır, Cənubi Qafqazda uzunmüddətli və etibarlı sülhün, əmin-amanlığın bərqərar olması üçün səmərəli diplomatiya aparır və Ermənistanın siyasi rəhbərliyinin konstruktiv dialoqa cəlbinə səy göstərir.
Eyni zamanda, Azərbaycanın regionda yaratdığı yeni reallıqlar diqqət mərkəzindədir. Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, bizim ölkəmizdə indi yeni dövr – İkinci Qarabağ müharibəsindən sonra bərpa və yenidənqurma dövrü başlamışdır. Gələcək nəsillər öz addımlarını bu istiqamətlərə uyğun atmalıdır. Bu məqsədlə müxtəlif tədbirlər – gənclər forumları, birgə təhsil proqramları və digər tədbirlər keçirilməlidir. Bizim bu şanlı tariximiz dəqiqliklə öyrənilməlidir. Çünki beynəlxalq mətbuatda bu günə qədər İkinci Qarabağ müharibəsi ilə bağlı yanlış və təhrif edilmiş məlumat dərc edilir. Real həqiqətləri, biz həm öz vətəndaşlarımıza, həm də dünyaya çatdırmalıyıq. Bu mənada möhtərəm Prezidentimizin müddəalarını alqışlayırıq.
Nəbi İsgəndərov, Cəlilabad rayon Təhsil İşçiləri Azad Həmkarlar Komitəsinin sədri