Şanxay Əməkdaşlıq Təşkilatının 16 sentyabr Sammitində Prezident İlham Əliyev Ermənistanın destruktiv addımları barədə bir daha ən yüksək səviyyədə məlumat verdi, Zəngəzur dəhlizinin açılmasının ləngidilməsinin, eləcə də Azərbaycan-Emənistan münasibətlərinin normallaşması prosesinin yubanmasının arxasında rəsmi İrəvanın dayanması barədə xəbərdarlıq etdi. Azərbaycanın yanaşması ondan ibarətdir ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsi regionda sülh və əmin-amanlığın bərqərar olması üçün əsasdır. Çünki bu yeni kommunikasiya təkcə Cənubi Qafqazda deyil, bütün Avrasiya ölkələri üçün əhəmiyyət kəsb edir. Buna görə də, Ermənistanın Zəngəzur dəhlizinə müqavimət göstərmək cəhdlərinin heç bir perspektivi yoxdur və Azərbaycanın sonda öz məqsədinə çatacağı labüddür.
Uzun müddətdir ki, Ermənistan beynəlxalq aləmdə Azərbaycana qarşı çirkin qarayaxma kampaniyası aparır, sülh danışıqlarını, kommunikasiyaların açılmasını, ümumilikdə, regionda təhlükəsizliyin təmin olunması istiqamətində bütün təşəbbüsləri əngəlləyir. Bu gün regiona silahlı qarşıdurma yox, sülh və əmin-amanlıq lazımdır. Bu, sadə ermənilərin də xeyrinədir. Təəssüf ki, Ermənistandakı qatı millətçi siyasi qüvvələr öz şəxsi mənafeləri naminə yenə də xalqı aldadır, ondan hakimiyyəti ələ keçirmək üçün bir vasitə kimi istifadə etməyə çalışır. Ermənistan silahlı qüvvələrinin 13 sentyabrda növbəti təxribatı nəticəsində xalqımız yenə şəhidlər verdi, lakin ermənilər ağır itkilər verərək geri çəkilməyə məcbur ediliblər. Bu gün Ermənistanı idarə edənlər və onların xaricdəki havadarları, nəhayət, başa düşməlidirlər ki, 2020-ci ilin payızında, 44 günlük şanlı Vətən müharibəsindən sonra bölgədə yeni reallıqlar yaranıbdır. Azərbaycan Ali Baş Komandan, Prezident İlham Əliyevin yüksək qətiyyəti, yenilməz ordumuzun qeyri-adi rəşadəti sayəsində Qarabağda tarixi ədaləti bərpa edibdir. Bu dövlət məkrli, revanşist planlardan əl çəkməli, özündə siyasi iradə tapıb sülh sazişini bağlamaq üçün əməli danışıqlara başlamağa razılıq verməlidir.
Xalqımız öz müdrik lideri cənab İlham Əliyevə haqlı olaraq inanır və ona güvənir. Prezident həmin inam və etimadı çoxdan qazanmışdır. Azərbaycan Prezidenti bu gün dünyanın ən güclü və xarizmatik liderlərindəndir. Onun yürütdüyü xarici siyasət kursu, sözün həqiqi mənasında, gənc, həm də ərazicə o qədər də böyük olmayan Azərbaycan dövlətini dünyanın əsas diqqət mərkəzlərindən birinə çevirib.
Rüstəm Rüstəmov,
Cəlilabad rayonu, Seyidbazar kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsi