Bildiyimiz kimi, Azərbaycanın regionda və dünyada rolu artdıqca ölkəmizin siyasi-iqtisadi maraqları da öz sözünü deməkdədir. Əbəs deyil ki, Azərbaycan artıq bir sıra nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur, habelə müşahidəçi qismində iştirak edir. Belə böyük qurumlardan biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır. Məhz bu təşkilatın fəaliyyəti dünyanın iqtisadi siyasətinə öz töhfələrini verir, habelə bir çox mühüm məqamlarda həlledici rolunu oynayır. Məlum olduğu kimi, Azərbaycan 2016-cı ildən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) dialoq tərəfdaşı statusuna malikdir. Çin, Rusiya, Hindistan, İran, Pakistan, Qazaxıstan kimi dövlətlər təşkilatın üzvləridir.
Şanxay Əməkdaşlıq Təşkilatının cari ilin sentyabrın 16-da Səmərqənd şəhərində keçirilən Sammitində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Dövlətimizin başçısı həm zirvə görüşündə çıxış edib, həm də orada iştirak edən bir sıra dövlətlərin dövlət və hökumət başçıları ilə görüşlər keçirib. Bu görüşlər Ermənistanın 12-14 sentyabr tarixlərində Azərbaycana qarşı törətdiyi genişmiqyaslı hərbi təxribatlarla eyni dövrə təsadüf etdiyindən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkəmizə qarşı törədilmiş təcavüzkar və qanlı təxribatlar barədə tərəf müqabillərini və beynəlxalq ictimaiyyəti məlumatlandırıb.
Prezident İlham Əliyev ŞƏT-in Zirvə Sammitindəki çıxışında dəqiq faktlarla göstərib ki, Azərbaycan regionun inkişafında hansı rola malikdir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir və Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb. Azərbaycan yaxın müddətli dövr ərzində Şimal marşrutundan gələn yüklərin mümkün qədər çox hissəsinin öz ərazisindən keçməsini təmin edəcək
Beləliklə, mühüm olan faktor həm də ondan ibarətdir ki, Qarabağ regionu yalnız Cənubi Qafqaz regionunun deyil, bütövlükdə Avropanın dünyaya açılan qapısı olacaq. Bütün bunlar Azərbaycanın dünya birliyində necə mühüm yerə və nüfuza malik olduğuna əyanı sübutdur və dünya ictimaiyyəti bunu dəyərləndirməlidir.
Fuad Əzizov,
Göytəpə şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin əməkdaşı