Ötən gün Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib. Füzuli Beynəlxalq Hava Limanında qarşılanan ali qonaq daha sonra Şuşada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşüb. Liderlər əvvəlcə təkbətək, daha sonra isə geniş tərkibli görüşlər keçirib, mətbuata bəyanatlarla çıxış ediblər. Səfər çərçivəsində dövlət başçıları Ağdam rayonunun Baş Qərvənd kəndində aparılan quruculuq işləri ilə tanış olub, Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər.
Səfərin mahiyyətini daha dərindən anlamaq üçün öncə Azərbaycan-Slovakiya münasibətlərinin inkişaf dinamikasına nəzər salmaq vacibdir. Məlum olduğu kimi, Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 24-də tanıyıb, iki ölkə arasında diplomatik münasibətlər isə 1993-cü il noyabrın 23-də qurulub. Sonrakı dövrdə qarşılıqlı əlaqələrin hüquqi və institusional bazası mərhələli şəkildə möhkəmləndirilib. Azərbaycanın Slovakiyadakı fəxri konsulluğu 2009-cu ildə fəaliyyətə başlayıb, 2019-cu ildə Bakıda, 2023-cü ildə isə Bratislavada səfirliklərin açılması ilə diplomatik təmsilçilik daha da genişlənib. Bu addımlar siyasi dialoqun intensivləşməsinə, iqtisadi əməkdaşlığın inkişafına və humanitar əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verib. Münasibətlərin strateji xarakter almasında 2024-cü ilin mayında Bakı şəhərində imzalanmış Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə xüsusi əhəmiyyət daşıyıb. Həmin sənəd iki ölkə arasında əməkdaşlığı yeni mərhələyə yüksəldərək, qarşılıqlı etimad və uzunmüddətli tərəfdaşlıq üçün möhkəm zəmin yaradıb.
Məhz bu siyasi baza üzərində Azərbaycan-Slovakiya əməkdaşlığı bu gün müxtəlif istiqamətlərdə inkişaf edir. Rəsmi səfər çərçivəsində liderlərin mətbuata bəyanatları da bu münasibətlərin yüksək səviyyəsini bir daha nümayiş etdirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev qeyd etdi ki, bu gün Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir.
Bəyanatlar zamanı zamanı diqqət çəkən əsas məsələlərdən biri də Slovakiyanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma prosesinə verdiyi töhfələrin məmnuniyyətlə vurğulanması oldu. Qarabağın dirçəldilməsi Azərbaycan-Slovakiya əməkdaşlığının yeni və perspektivli istiqamətlərindən birinə çevrilib. Slovakiya şirkətləri Ağdam rayonunun Baş Qərvənd kəndində “Ağıllı kənd” konsepsiyası çərçivəsində həyata keçirilən layihələrdə fəal iştirak edirlər. 2025-ci ilin sentyabrında Slovakiyanın “Concago j.s.a.” şirkəti və onun yerli tərəfdaşı “IMA ENERGY” MMC arasında fərdi yaşayış evlərinin tikintisinə dair müqavilənin imzalanması və layihənin icrasına başlanılması bu əməkdaşlığın real nəticələrindən biridir. Bu layihə Avropa texnologiyalarının, innovativ yanaşmaların və müasir idarəetmə modellərinin Qarabağın yenidən qurulması prosesinə uğurlu inteqrasiyasının nümunəsidir.
Azərbaycan-Slovakiya münasibətlərində inkişaf edən digər mühüm istiqamətlərdən biri də müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıqdır. Bu sahədə hüquqi baza 2024-cü ilin mayında Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri zamanı daha da möhkəmləndirilib. Səfər çərçivəsində tərəflər arasında “Hərbi-texniki əməkdaşlıq haqqında Memorandum” və “Müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Bu sənədlər iki ölkə arasında təhlükəsizlik və müdafiə sahəsində əlaqələrin inkişafı üçün yeni imkanlar açıb.
Ümumilikdə, Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri dost və tərəfdaş ölkələr arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Səfər siyasi dialoqun gücləndirilməsi ilə yanaşı, iqtisadi əməkdaşlığın genişləndirilməsi, investisiya imkanlarının artırılması və sənaye tərəfdaşlığının dərinləşdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Elnur Bayramov
Bakı şəhəri, Pirallahı rayonu,
168 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
👁 6 baxış
