Şuşa Qlobal Media Forumu: beynəlxalq informasiya məkanında Azərbaycanın artan nüfuzu

Cari həftə siyasi gündəliyimiz mühüm və əlamətdar hadisələrlə yadda qalıb. 13–14 iyul 2026-cı il tarixlərində Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılış mərasimində iştirak etdiyi Forum hər ötən il əhatə dairəsini genişləndirərək beynəlxalq auditoriyanın diqqətini daha çox cəlb edir. Məlumat üçün bildirək ki, son dörd il ərzində Forum 81 ölkədən 600-ə yaxın media nümayəndəsini bir araya gətirib.
Məlumdur ki, müasir dövrdə media təkcə informasiya ötürən vasitə deyil, həm də ictimai rəyin formalaşdırılmasında, beynəlxalq münasibətlər sistemində etimadın möhkəmləndirilməsində, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayan strateji institutdur. İnformasiya müharibələrinin geniş vüsət aldığı, dezinformasiyanın qlobal təhlükəyə çevrildiyi bir şəraitdə medianın məsuliyyəti daha da artır. Məhz buna görə Şuşa Qlobal Media Forumu kimi beynəlxalq platformalar müxtəlif ölkələrin media nümayəndələri arasında peşəkar dialoqun qurulmasına, obyektiv informasiya mübadiləsinin genişlənməsinə və həqiqətlərin beynəlxalq auditoriyaya çatdırılmasına mühüm töhfə verir.
Forumun məhz işğaldan azad olunmuş Şuşa şəhərində keçirilməsi xüsusi siyasi və mənəvi əhəmiyyət daşıyır. Bu seçim Azərbaycanın tarixi ədaləti bərpa etdiyini, azad edilmiş torpaqlarda həyatın bütün sahələr üzrə sürətlə dirçəldiyini və Qarabağın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini nümayiş etdirir. Dünyanın müxtəlif ölkələrindən gələn media nümayəndələrinin həmin ərazilərlə yaxından tanış olması, aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini öz gözləri ilə görməsi və bu reallıqları beynəlxalq ictimaiyyətə çatdırması informasiya müstəvisində həqiqətin möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyevin Forumun məqsədini ifadə edən fikirləri də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir: ” Forumun ideyası maraq doğuran məsələləri, qarşılıqlı surətdə narahatlıq doğuran sualları müzakirə etmək, həmçinin Qarabağ və Şuşa ilə tanış olmaq məqsədilə dünyanın müxtəlif guşələrindən media nümayəndələri üçün mühit yaratmaqdan ibarətdir.” Bu yanaşma Azərbaycanın açıq dialoq, şəffaflıq və obyektiv informasiya mühitinin formalaşdırılmasına verdiyi önəmi aydın şəkildə nümayiş etdirir.
IV Şuşa Qlobal Media Forumunun uğurla təşkili bir daha göstərdi ki, Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Qarabağın azadlığı artıq təkcə hərbi və siyasi qələbə deyil, həm də beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən yeni geosiyasi reallıqdır. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl diplomatik fəaliyyət, genişmiqyaslı yenidənqurma layihələri və beynəlxalq tədbirlərin məhz Qarabağda təşkili Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün dünya miqyasında qəbul olunmasına mühüm töhfə verir. Bu gün Şuşanın qlobal media nümayəndələrini qəbul etməsi, beynəlxalq müzakirələrin mərkəzinə çevrilməsi Azərbaycanın əldə etdiyi tarixi Zəfərin siyasi və informasiya müstəvisində də möhkəmləndirildiyini nümayiş etdirir.
Beləliklə, Şuşa Qlobal Media Forumu təkcə media sahəsində beynəlxalq əməkdaşlığın inkişafına xidmət edən platforma deyil, həm də Azərbaycanın sülh, dialoq və həqiqət prinsiplərinə sadiqliyini nümayiş etdirən mühüm siyasi hadisədir. Forum vasitəsilə Qarabağın yeni inkişaf mərhələsi, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq prosesi, eləcə də Azərbaycanın formalaşdırdığı yeni regional reallıqlar dünya mediasının diqqətinə çatdırılır və beynəlxalq informasiya məkanında obyektiv həqiqətlərin möhkəmlənməsinə mühüm töhfə verilir.

Təranə İskəndərova
Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri

👁 7 baxış