“Turan Forumu”na doğru növbəti hazırlıq iclası keçirildi

“Turan Forumu”na doğru növbəti hazırlıq iclası keçirildi

Turan müzakirələri üçün yeni bir meydanın – Turan forumunun yaradılması istiqamətində hazırlıq işləri davam etdirildi və təşkilat komitəsinin növbəti toplantısı keçirildi.
30 mayda baş tutan onlayın iclasda Almaniyadan tanınmış jurnalist – yazıçı Fəxrəddin Hacıbəyli, Türkiyədə fəaliyyət göstərən İqdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin, eləcə də İqdır-Azərbaycan Evinin sədri, tədqiqatçı-yazıçı Ziya Zakir Acar, İsveç Azərbaycanlıları Koordinasiya Şurasının Yöteborq şəhəri üzrə koordinatoru və Azərbaycan Qarabağ Mərkəzinin rəhbəri Ülviyyə Nəcəfova, Belçika Azərbaycanlıları Birliyinin rəhbəri Ədalət Qulusoy, Azərbaycandan, Azad Vətən Partiyasının sədri, tarix üzrə fəlsəfə doktoru Akif Nağı, tarix üzrə fəlsəfə doktoru Səidə İsmayılzadə, siyasi ekspert Novruz Novruzov, Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi, İqtisad üzrə fəlsəfə doktoru Şamil Mehdi, jurnalist Əntiqə Rəşid iştirak edib.
İclası açıq elan edən A. Nağı Azərbaycan mütəfəkkirləri Əlibəy Hüseynzadə, Əhməd bəy Ağaoğlunun və digərlərinin türk dünyasının modernləşmə tarixində mühüm iz qoymasından danışaraq bildirib ki, bizim yeni forumun da məqsədi modernləşmə, milli kimlik, azadlıq və türk xalqlarının birliyi möhkəmləndirmək, əlaqələrini genişləndirməkdir:”Bu məqsədimizə çatmaq üçün dünyanın hər bir tərəfində , istər Avropada, istər, Amerikada, istər Asiyada yaşayan ziyalı, geniş elmi, siyasi, ictimai əlaqələri olan türkləri formumuza dəvət edib, onların düşüncələrindən, yaradıcılığından, türk toplumları üçün gördüyü işlərdən Turan ellərinin yararlanmasını da təşkil edəcəyik. Zənnimizcə, bu məqsəd hazırda dünyada problem və siyasi çətinliklər şəraitində yaşayan türklərə bir stimul, dəstək olacaq”.

İclasda forumun adı yenidən gündəmə gəlib və müzakirələrə səbəb olub. Müzakirə mövzusu olan adlar üçün forum üzvləri tərəfindən seçim edilib və səs çoxluğu ilə “Turan Forumu” adı bəyənilib və qəbul edilib.

İqtisad üzrə fəlsəfə doktoru Şamil Mehdi bildirdi ki, gələcəkdə müxtəlif qitələrdə, müxtəlif ölkələrdə və şəhərlərdə yaşayan türkləri tribunamızı tanıtmaq üçün həmin qitələrdə, ölkə və şəhərdə yaşayan soydaşlarımızdan istifadə etməliyik. Məsələn, İsveçdə yaşayan türk əsilli insanlara bizim tribunanı tanıdacaq orada nüfuzu ilə seçilən Azərbaycan Qarabağ Mərkəzinin rəhbəri Ülviyyə Nəcəfovadır. Əslində yaşadıqları xarici ölkələrdə nüfuzu olan soydaşlarımızın əlaqələrindən istifadə etməliyik. Həmin soydaşlarımız alim də ola bilər, biznesmendə ola bilər, təşkilatçı, məmur, həkim və sair peşələrin daşıyıcısı da ola bilər. Onlara həm Forumumuzu, həm məqsədimizi tanıtmalıyıq ki, onlar da bu tanıtımı ətraflarında yaşayan türklərə tanıda bilsinlər. Bunun üçün qüvvələrimizi səfərbər edib, belə şəxsləri axtarıb tapmalıyıq, xaricdə yaşayan tanıdıqlarımızla əlaqələr qurmalıyıq”.

Müzakirəyə çıxarılan məsələlərdən biri də Forumun loqosu ilə bağlı olub. Toplantı iştirakçıları Forumun loqosunun illüstrasiyalarına və tərtibinə görə fərqli şəkildə və indiyə qədər işlək olmamış variantda olmasını önə sürdülər.
Xüsusən, tədqiqatçı-yazıçı Ziya Zakir Acar bəy təklif etdi ki, loqoda İslam dinini və yaxud digər dinləri göstərməyə ehtiyac yoxdu:”Türk xalqları müxtəlif din və inanclara itaət etdiyi üçün həmin dinləri simvolizə edən ornoment və rəmzlər loqoda əks etdirməyə ehtiyac yoxdur”.
Yazıçı – publisist Fəxrəddin Hacıbəyli Z.Z. Acar bəyin fikirlərini dəstəkləyərək bildirdi ki, o da dini simvolların loqoya əlavə edilməsinə ehtiyac duymur:”Dini ornamentlərin loqoda təsviri bizi məqsədimizdən uzaq sala bilər. Məqsədimiz dinindən, inancından asılı olmayaraq bütün türkləri bir tribunada birləşdirməkdir. Məsələn, baxmayaraq ki, türklər arasında ən geniş yayılmış İslam dinidir və təkcə bu dinin simgələrini loqoya yerləşdirmək düzgün deyil. Bu zaman xristian yakutların, xakasların, qaqauzların, kriyaşenlərin, 740-cı ildə musəviliyi qəbul edən yeganə türklər – karaimlərin və digər başqa dinlərə siyayiş edən türklərin inancına sayğısızlıq olar. Ümumiyyətlə, dinin TURAN adlı məqsədimizə qatılmasına qarşıyam”.
Tarix üzrə fəlsəfə doktoru Səidə İsmayılzadə isə bildirib ki, loqoda türk xalqlarının minilliklərə dayanan tarixi kökləri, təbiətə bağlılığı və qədim mifoloji dünyagörüşünü əks etdirən ortaq simvollarının olması vacibdir:Türk xalqlarının elə qədim simvolları var ki, hazırda o simvollar başqa xalqlar tərəfindən mənimsənilib. Həmin simvolların kökünün araşdırılması və loqomuza daxil olması vacibdir”.
Toplantı iştirakçılarının qərarı da belə oldu ki, iyunun 20 -də təsis yığıncağı keçirilsin, Forumun məqsəd və vəzifələrinə uyğun qərarlar qəbul edilsin.
Xatırladaq ki, forumun yaradılmasında əsas məqsəd, dünyadakı türklərin regional, qlobal geosiyasi proseslərdəki rolunun aktivləşdirilməsinə, türk xalqları arasında siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsinə, eyni zamanda, türklərin keçdiyi tarixi yolun işıqlandırılmasına, hazırda dünyanın qütbləşmə prosesində mövqeyinə və gələcək inkişaf perspektivlərinə yardımçı olmaq, həmçinin, türk dünyasının hərtərəfli inkişafına mane olan qüvvələrin qəbul etməkdə çətinlik çəkdiyi Turan ideyasına töhvə verməkdir.

“Turan Birliyi” Forumunun Təşkilat Komitəsi

30.05.2026

👁 73 baxış