Milli Məclisin deputatı Günay Ağamalının televiziyada uşaqpulu ilə bağlı səsləndirdiyi qalmaqallı bəyanat ictimaiyyətdə və mədəniyyət camiəsində ciddi rezonans doğurub.
Mecra.az xəbər verir ki, Əməkdar artist Tahir İmanov deputatın sözlərinə sosial şəbəkə hesabında paylaşdığı xüsusi video müraciətlə reaksiya verib.Tahir İmanov millət vəkilinin “Azərbaycanda uşaqpulu verilsə, insanlar işləməyəcəklər” fikrini kəskin sarkazm və yumorla hədəf alıb. Sənətçi deputatın yanaşmasını satirik üslubda “böyük kəşf” adlandıraraq bunları deyib:
“İndi təqaüdə çıxmışam, keçmiş məmur kimi deyə bilərəm ki, uşaqpulu verilsə, camaat işləməyəcək. Camaat işləməsə deməli, pul qazanmayacaq. Pul qazanmasa deməli, özünə paltar ala bilməyəcək və əsas məsələ burada başlayır. Paltar ala bilməsə, onda camaat lüt gəzəcək. Lüt gəzəcəksə, özünüz başa düşdünüz də bu nəyə gətirib çıxarır. Uşaqların sayı artacaq, camaatın sayı artacaq. Görün biz onda nə qədər uşaqpulu verməliyik”.
Xatırladaq ki, parlamentin deputatı Günay Ağamalı yerli telekanallardan birinin efirində çıxışı zamanı Azərbaycanda uşaqpulunun bərpa edilməsi tələblərinə qarşı çıxaraq, bu addımın vətəndaşlar arasında tənbəllik yaradacağını və işçi qüvvəsinin bazardan çəkilməsinə səbəb olacağını iddia etmişdi. Deputatın ailə büdcəsinə dəstək mahiyyəti daşıyan bu sosial ödənişi “insanların işləməmək bəhanəsi” kimi qiymətləndirməsi sosial şəbəkələrdə geniş tənqid atəşinə tutulmuşdu (nocomment.az).
👁 57 baxış
