Ümumdünya Şəhərsalma Forumunun 2026-cı il mayın 18-də Bakıda keçirilən 13-cü Sessiyası Azərbaycanın beynəlxalq nüfuzunun və şəhərsalma sahəsində qazandığı uğurların növbəti dəfə dünya ictimaiyyətinə təqdim olunması baxımından mühüm hadisə kimi yadda qaldı. Forum çərçivəsində Prezident İlham Əliyevin çıxışı yalnız ölkənin şəhərsalma siyasətinin mahiyyətini açıqlamaqla kifayətlənmədi, həm də Azərbaycanın gələcək inkişaf strategiyasının əsas istiqamətlərini nümayiş etdirdi. Dövlət başçısının çıxışı urbanizasiya, müasir şəhər idarəçiliyi, milli memarlıq irsinin qorunması, ekoloji təhlükəsizlik və postmünaqişə dövründə həyata keçirilən yenidənqurma prosesləri ilə bağlı mühüm mesajlarla zəngin idi.
2024-cü ilin noyabrında COP29-un uğurlu təşkilindən sonra bu dəfə ölkəmiz Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) təşkili ilə qlobal tədbirlərin nümunəvi məkanı kimi gündəmdədir. Əgər birinci tədbir BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mühüm qlobal tədbir idisə, WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil edilən Ümumdünya Şəhərsalma Forumu (World Urban Forum – WUF) 21-ci əsrdə sürətli şəhərləşmənin gətirdiyi problemləri, dayanıqlı şəhər mühitinin qurulmasını və inklüziv məskunlaşmanı müzakirə etmək üçün yaradılmış dünyanın ən nüfuzlu beynəlxalq tədbiridir. Şəhərsalma siyasətində milli memarlıq üslubunun qorunması Azərbaycanın beynəlxalq səviyyədə də nüfuzunu artırır. Məhz buna görə Bakı artıq dünyanın ən gözəl və sürətlə inkişaf edən şəhərlərindən biri kimi tanınır. Forum iştirakçılarının diqqətinə çatdırıldı ki, şəhərlərin inkişafı zamanı yalnız iqtisadi amillər deyil, həm də mədəni və tarixi faktorlar nəzərə alınmalıdır.
Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi təsadüfi deyil. Azərbaycan artıq regionun aparıcı inkişaf mərkəzlərindən birinə çevrilib və ölkənin əldə etdiyi uğurlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin forumdakı çıxışı göstərdi ki, Azərbaycan şəhərsalma və urbanizasiya sahəsində müasir yanaşmalar tətbiq edən, eyni zamanda milli-mədəni dəyərləri qoruyan dövlət modelini uğurla həyata keçirir. Nəticə etibarilə, Prezident İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında səsləndirdiyi tarixi irsin qorunması, müasir şəhərsalma prinsiplərinin tətbiqi, ekoloji təhlükəsizlik və Böyük Qayıdış Proqramının uğurla həyata keçirilməsi fikirləri Azərbaycanın gələcək inkişaf prioritetlərini aydın şəkildə ortaya qoydu. Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi beynəlxalq təcrübənin öyrənilməsi, qarşılıqlı fikir mübadiləsi və müasir şəhərsalma çağırışlarının müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan bu gün təkcə regionda deyil, beynəlxalq miqyasda da müasir şəhərsalma, dayanıqlı inkişaf və postmünaqişə bərpası sahəsində mühüm təcrübəyə malikdir.
Mehparə Mansırova,
Pirallahı rayonu, 243 nömrəli tam orta məktəbin direktoru
👁 8 baxış
