“Azərişıq” ASC-nin Cəlilabad Elektrik Şəbəkəsinin özbaşınalığı ilə bağlı redaksiyamıza şikayət daxil olub.
Məcra.az-ın redaksiyasına rayonun Muğan, Maşlıq və Söyüdlü kəndinin bir qrup sakinləri şikayət ediblər. Onlar bildiriblər ki, Cəlilabad Elektrik Şəbəkəsi adı çəkilən kəndlərdə tez-tez işığı söndürür. Elektrik naqillərinə baş verən qəzalar aradan qaldırılmır və kənd günlərlə işıqsız qalır.
Sakinlər bildiriblər adı çəkilən problemlə bağlı dəfələrlə şikayət etsələr də Cəlilabad Elektrik Şəbəkəsinin rəhbərliyi heç nəyi vecinə almır. Adı çəkilən üç kənddə isə əkin işləri aparıldığı üçün sahələrin suvarılmasına görə elektrik enerjisinin verilməsi çox vacibdir.
Kənd camaatı deyib ki, 20 min əhalisi olan üç kəndə cəmi iki nəfər çilingər təyin edilib. Onlar da işlərinin öhdəsindən gələ bilmir. Amma hansı ki, ştatda bunu 10 nəfərin icra etdiyi göstərilir. Onların sözlərinə görə burda da yeyinti halları var.
Yazının sonunda bir daha problemə qayıdırıq və ümid edirik ki, “Azərişıq” ASC-nin Cəlilabad Elektrik Şəbəkəsi problemi aradan qaldıracaq.
Məsələylə bağlı adı çəkilən qurumun də mövqeyini işıqlandırmağa hazırıq.