Hazırda Azərbaycanın dünya dövlətləri arasında tutduğu layiqli mövqe, malik olduğu yüksək status Prezident İlham Əliyevin apardığı xarici siyasətin nəticəsidir və bu xarici siyasət xətti Azərbaycan xalqının milli maraqlarını hər şeydən üstün tutur. Prezidentin 2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı ilə tanış olarkən aydın görünür ki, bu səfər Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qorunmasına doğru atılmış daha bir uğurlu addımdır. Görünən odur ki, Avropa İttifaqı regionda nüfuzunu daha da inkişaf etdirməkdə maraqlıdır. Son görüşün yekunlarına dair bəyanatdan da açıq-aydın görünür ki, Avropa İttifaqı bir sıra məsələlərdə öncüllüyü ələ almağa çalışır.
Nəzərə alaq ki, Rusiyanın vasitəçiliyi ilə də oxşar görüşlər keçirilir. 44 günlük Vətən Müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistanın iştirakı ilə 3 bəyanat imzalanıb. Elə məsələlər var ki, Avropa İttifaqı öz prioritetlərini ortaya qoyur. Sülh müqaviləsinin imzalanması ilə bağlı addımlar məhz Brüssel formatına uyğundur. Artıq İkinci Qarabağ müharibəsindən iki ilə yaxın bir müddət keçib. Müharibədən sonra Azərbaycanın irəli sürdüyü sülh təklifinə, sülh sazişinə razılaşmaq üçün Ermənistana təqribən iki il lazım olub. Amma nəzərə almaq lazımdır ki, bu müddət ərzində Azərbaycanın qurucu və Ermənistanın dağıdıcı fəaliyyəti və davranışları göz qabağındadır. Müharibədən iki ilə yaxın bir müddət keçməsinə baxmayaraq, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə bərpa-yenidənqurma işlərinə start verib və bu işlər bu gün də davam etdirilir. Artıq azad olunan bəzi yaşayış məskənlərində infrastruktur bərpa olunub və oranın sakinləri öz doğma yurdlarına qayıdıblar. Keçən il müstəqilliyinin 30-cu ildönümünü qeyd edən Azərbaycan hər zaman əməkdaşlıq sahələrini tapmağa çalışır. Azərbaycan heç bir zaman özünü nəhəng qonşuların siyasətinə uyğunlaşdırmayıb. Bizim hər zaman öz siyasətimiz olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb. Azərbaycan artıq sabit siyasi mövqeyə malikdir, həmçinin iqtisadiyyatımız da sabitdir.
Müstəqil olmaq üçün əsaslı maliyyə yatırımları edilib. Qeyd etməliyik ki, dünya dəyişib və bu dəyişikliklərin hansı axınla gedəcəyi Ukraynada müharibə nə qədər müddət davam edəcək və bu savaşın sonu necə bitəcək, dünyadakı güclərin balansı hansı şəkildə olacaq kimi amillərdən asılıdır. Müstəqil bir ölkə kimi xarici amillərdən müdafiə olunmaq əsas məsələlərdəndir. Dövlətimizin başçısı Ermənistan tərəfindən baş verə biləcək revanşizm cəhdlərinin qarşısının dərhal alınacağı ilə bağlı mesaj da verib. Təbii ki, revanşist xarakterli təxribatların Ermənistan tərəfi üçün heç bir nəticəsi olmayacaq. Onsuz da, ağır olan vəziyyətlərini daha da ağırlaşdıracaq və ölkələrini düşdükləri bataqlıqda qərq edəcəklər. Qalib Azərbaycanın diktə etdiyi şərtləri mütləq qəbul etməlidirlər, onların gələcək inkişafı məhz bundan asılıdır. Prezident İlham Əliyev həmişə deyir ki, sözünün imzası qədər qüvvəsi var. Uzaqgörən və müdrik siyasəti, eləcə də qətiyyəti Azərbaycanın dövlət başçısının nüfuzunu dünyada artırıb.
Əlisehran Rzayev, Mirzəli kənd ümumi orta məktəbinin direktoru