Ümummilli Lider Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.
1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiya qarşısında idi. SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə keçmiş İttifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmişdi və idarəetmə potensialı aşağı olan respublikalarda çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə öz işinə başlamışdı. Sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ümummilli Lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı.
Fenomen şəxsiyyət Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq atıb. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Ulu Öndərin Ali Məclisin Sədri vəzifəsində işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir.
Bu gün müstəqil Azərbaycan Respublikasının bütün sahələrində Heydər Əliyev izi görünür. Xalqın tarixi yaddaşının özünə qaytarılması onun qəlbində illərdən bəri sıxılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdır. Dövlətimiz Heydər Əliyev ideyaları ilə yaşayır və onun dövlətçilik konsepsiyası əmin əllərdədir.
Mehdi Kərimov,
Cəlilabad bələdiyyəsinin sədri