“Avtobuslarda gedişhaqları qətiyyən artırılmalı deyil. Hara artıracaqlar? Avtobus taksidir məgər? 30 qəpik bəsdir də… Avtobus şirkətləri avtobusları satışa çıxarırsa, çıxarsın, başqasını alıb işlədərlər. Sahibkarlar üç-dörd avtobus marşurutu ilə monopoliya yaradıb qiyməti artırırlar. Özbaşınasan qiymət artırırsan?”
Məcra.az xəbər verir ki, bu sözləri Pravda.az-a Milli Məclisi deputatı Aqil Abbas avtobuslarda gedişhaqlarının artırılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
“Avtobusa minmirəm, şəxsi avtomobilim var. Amma bacım, qardaşım, camaat, xalq avtobusda gəzir axı. Bir adam iş yerinə gəlmək üçün bəzən şəhərin içində üç avtobus dəyişir. Hərəsinə 30 qəpik hesablayanda, 90 qəpik edir. Bu adam işə gəlməlidir, ya yox? Bu, gündə 2 manat elə yolpuluna verir. Ayda iş günlərini hesablayanda 40-45 manata gəlib çıxır. İndi gedişhaqqını qaldırsınlar 50 qəpiyə, eləsin aya 100 manat. Camaat maaşını alıb avtobusa versin? Qətiyyən razı deyiləm”, – deputat bildirib.
Aytəkin Qardaşova