“Təbii ki, çox sevincliyəm ona görə ki, Özbəkistan dövlətinin Xalq artisti fəxri adına layiq görülmüşəm. Buna görə Özbəkistan dövlətinin prezidenti cənab Şavkat Mirziyoyevə öz dərin təşəkkürümü bildirirəm, ailəm, millətim, mədəniyyət işçilərimiz adından minnətdaram. Çünki bu Azərbaycand mədəniyyətinə verilən dəyərdir, hamımızın uğurudur”
Bunu Məcra.az-a açıqlamasında Xalq artisti Gülyanaq Məmmədova Özbəkistan Respublikasının Xalq artisti fəxri adına layiq görülməsi haqda danışarkən deyib. Müğənni buna görə əməyi keçən hər kəsə təşəkkür edib:
“İlk olaraq xəbəri Samir Abbasovdan duydum. Çünki Samir müəllimin dəvətiylə Özbəkistana üz tutmuşam. Samir müəllim Özbəkistanın Daşkənd şəhərində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəridir. O, iki dövlət arasında bütün ədəbiyyat, mədəniyyət tədbirlərinin təşkilində can yandıran bir insandır. Düşünürəm hər birimiz millətimiz, dövlətimiz üçün can yandırmalıyıq. Samir müəllim sərəncamın özbək dilində olan linkini mənə yollamışdı, əvvəlcə inanmadım və sonra özünə zəng vurdum.
Əzizimiz millət vəkilimiz, Mədəniyyət Komitəsinin rəhbəri Qənirə xanım Paşayevayla da son aylarda Özbəkistanda bir-birindən gözəl səfərlərimiz oldu. Ədəbiyyat və mədəniyyət tədbirlərimizin keçirilməsindən çox şey öyrəndim. Bu sevinci heç cürə izah edə bilmirəm. Həqiqətən mən bu adı düşünmədən sevə-sevə xidmət etmişəm. İstər Özbəkistanda, istərsə də dünyanın hansı ölkəsində olursa-olsun Azərbaycan musiqi mədəniyyətinə xidmət etməkdən qürur duymuşam. Mən bu çıxışlarımda çox şey öyrəndim. Özbəkistan-Azərbaycan qardaşlığı, dostluğu daimidir və həmişə də belə olacaq. Bu işdə mən də əməkdaşlıq etməkdən zövq alıram. Çox şanslıyam, xoşbəxtdəm ki, Azərbaycan və Özbəkistan Respublikalarının Xalq artistiyəm.
Onu da deyə bilərəm ki, bir neçə il öncə Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan “Uluğumsan vətənim” adlı klip də çəkdirmişdim. Bu mahnı da da mənim Özbəkistana olan sevgim göz önündədir. Millətimi, dövlətimi sevdiyim kimi, Özbəkistan xalqının da mənə olan sevgisini gördüm və bundan çox xoşbəxtdəm. Dəfələrlə Özbəkistana səfərlərimdə səfirimiz Hüseyn Quliyevin də qəbulunda olduq. Onun diqqətini gördük. Eyni zamanda, Özbəkistanın mədəniyyət naziri cənab Ozodbek Nazarbekovun da qəbulunda olduq. Maraqlı söhbətlərimiz, çıxışlarımız oldu. Onlar Azərbayacana təşrif buyuranda bizim hörmətli mədəniyyət nazirimiz Anar müəllimlə Özbəkistan mədəniyyət naziri Ozodbek müəllimin birgə çıxışlarının hamısı mənim üçün unudulmazdır. Bunların hamısı ömür dəftərimə gözəl hərflərlə yazılıb. Buna görə minnətdaram”.
Vasif Əlihüseyn