“Rusiyalı jurnalist Darya Duqinanı qətlə yetirməkdə ittiham edilən ukraynalı Natalya Vovkun cəsədi aşkar olunub”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə iddianı Avstriyanın “Express” nəşri irəli sürüb.
İddialara görə, Vovkun cəsədi kirayələdiyi mənzildə aşkar olunub. Bildirilir ki, ukraynalı qadının bədənində 17 bıçaq zərbəsi və əlində qeyd aşkar olunub.
Sözügedən mənzilin məhz hansı ölkədə və yaxud şəhərdə yerləşdiyi isə qeyd olunmayıb.
Məlumatda Vovkun cəsədini əks etdirən foto da paylaşılıb. Lakin bəzi məlumatlara görə, həmin foto əslində 2020-ci ildə çəkilib.
Vyana polisi və Avstriyanın Daxili İşlər Nazirliyi hələ ki bu məlumat barədə açıqlama verməyib.
Xatırladaq ki, 30 yaşlı Darya Duqina avqustun 20-də Moskva vilayətində avtomobilinin partladılması nəticəsində dünyasını dəyişib. İstintaq Komitəsi qətli sifarişli hesab edib. Cinayətin Ukrayna vətəndaşı Natalya Vovk tərəfindən törədildiyi bildirilir.
Məlumata görə, N. Vovk 2010-cu il təvəllüdlü qızı Şaban Sofiya Mixaylova ilə 2022-ci il iyulun 23-də Rusiyaya gəlib. Sui-qəsd günü Vovk və Şaban Duqinanın fəxri qonaq qismində iştirak etdiyi “Traditsiya” ədəbi-musiqili festivalında olublar. Hadisədən sonra Vovk qızı ilə bərabər avqustun 21-də Pskov vilayətindən keçərək Estoniyaya gedib.
FTX-dən bildirilib ki, Duqinanın qətlinin təşkili və onun həyat tərzi haqda məlumatların toplanılması üçün Vovk qızı ilə Moskvada mərhumun yaşadığı evdə mənzil kirayələyib. Cinayətkarlar jurnalisti təqib etmək üçün “Mini Cooper” markalı avtomobildən istifadə ediblər. Onlar Rusiyaya girişdə qondarma Donetsk Xalq Respublikasına məxsus Е982ХН DPR dövlət nömrə nişanını, Moskvada Qazaxıstana məxsus 172AJD02 dövlət nömrə nişanını, çıxışda isə Ukraynanya məxsus AH7771IP dövlət nömrə nişanını istifadə ediblər.
Bu gün isə Rusiyanın Federal Təhlükəsizlik Xidməti D. Duqinanın qətlində iştirak etməkdə ittiham olunan ikinci şəxsin adını açıqlayıb. Sözügedən şəxs Ukrayna vətəndaşı Boqdan Çıqanenkodur.
Xidmətin məlumatına görə, Çıqanenko Duqinanı qətlə yetirməkdə ittiham olunan Natalya Vovku saxta avtomobil nömrələri və sənədlərlə təmin edib. Bildirilir ki, o, həmçinin Vovk ilə birgə Moskvanın cənub-qərbində avtomobil qarajında əldəqayırma partlayıcı qurğu hazırlayıb.
Çıqanenkonun Rusiyaya Estoniya ərazisi vasitəsilə iyulun 30-u gəldiyi, Duqinanın qətlindən bir gün əvvəl isə ölkəni tərk etdiyi bildirilir.