Azərbaycanın enerji siyasəti və iqtisadi inkişaf strategiyası son illərdə mühüm mərhələlərdən keçir

Azərbaycanın energetika siyasəti ölkənin iqtisadi inkişafının və beynəlxalq nüfuzunun formalaşmasında əsas istiqamətlərdən biri hesab olunur. Müstəqillik əldə edildikdən sonra Azərbaycan təbii sərvətlərindən səmərəli istifadə etməklə öz enerji siyasətini qurmağa başlamış və bu sahədə məqsədyönlü islahatlar həyata keçirmişdir. Xüsusilə 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə beynəlxalq enerji şirkətlərinin diqqəti Xəzər dənizinin Azərbaycan sektoruna yönəlmiş, bu müqavilə ölkənin xarici sərmayə ilə əməkdaşlığının əsasını qoymuşdur. Bu siyasət nəticəsində Azərbaycan təkcə neft hasil edən ölkə kimi deyil, həm də beynəlxalq enerji bazarının fəal iştirakçısına çevrilmişdir. Azərbaycanın həyata keçirdiyi enerji layihələri, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Cənub Qaz Dəhlizi kimi mühüm infrastruktur xətləri ölkənin enerji tranzitindəki rolunu artırmışdır. Bu layihələr sayəsində Azərbaycan yalnız enerji ixrac edən deyil, həm də regionun enerji təhlükəsizliyində mühüm mövqeyə malik dövlətə çevrilmişdir.

Hazırda Azərbaycan qazı Avropaya etibarlı və dayanıqlı mənbə kimi çatdırılır, bu da ölkənin geosiyasi əhəmiyyətini daha da artırır. Enerji siyasətində əsas məqsədlərdən biri daxili enerji tələbatını tam şəkildə təmin etməklə yanaşı, ixrac potensialını qoruyub saxlamaq və gəlirləri şaxələndirilmiş iqtisadiyyatın inkişafına yönəltməkdir. Bununla yanaşı, son illərdə Azərbaycan enerji siyasətində yeni istiqamətlərə də üstünlük verir. Bu xüsusda, bərpa olunan enerji mənbələrinin inkişafı və ətraf mühitin qorunması ön plana çıxır. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji zonası” konsepsiyasının həyata keçirilməsi, günəş, külək və hidroenerji layihələrinin reallaşdırılması bu sahədə dövlət siyasətinin nə qədər çevik və innovativ olduğunu göstərir. Azərbaycanın 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq məqsədi isə enerji siyasətinin uzunmüddətli və davamlı inkişafını təmin edən mühüm strategiyadır. Energetika siyasəti təkcə iqtisadi maraqlara deyil, həm də sosial rifaha xidmət edir. Bu sahənin inkişafı nəticəsində minlərlə iş yeri açılmış, ölkənin büdcəsinə böyük həcmdə valyuta daxil olmuş, regionların infrastruktur təminatı güclənmişdir. Eyni zamanda, Azərbaycan enerji sektorunda beynəlxalq əməkdaşlıq çərçivəsində etibarlı tərəfdaş imici qazanmışdır. Bütün bunlar göstərir ki, Azərbaycanın enerji siyasəti təkcə neft və qaz hasilatı ilə məhdudlaşmır, həm də dayanıqlı iqtisadiyyat, ekoloji sabitlik və regional inteqrasiyanı təmin edən kompleks bir yanaşmadır.

Azərbaycanın enerji siyasəti və iqtisadi inkişaf strategiyası son illərdə mühüm mərhələlərdən keçir. Prezident İlham Əliyevin cari ilin 24 iyun tarixində Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimindəki çıxışı bu baxımdan həm simvolik, həm də strateji əhəmiyyət daşıyır. “8 Noyabr” adı ilə Zəfər Gününü əbədiləşdirən bu layihə həm ölkəmizin enerji infrastrukturunun gücləndirilməsinə, həm də milli qürurun və dövlətçilik iradəsinin iqtisadi platformada təcəssümünə xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Mingəçevirdə istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyasının açılışı ölkəmizin müasir enerji strategiyası baxımından mühüm dönüş nöqtəsidir.

Şəbnəm Eldarova,

Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın  

təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi

👁 baxış