Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri tarixi hadisədir. Bu səfər bir daha onu göstərir ki, iki ölkə arasındakı münasibətlər Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində çox yüksək səviyyədə qurulmuşdur. Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri bir daha göstərdi ki, Azərbaycan-Qazaxıstan münasibətləri ildən-ilə genişlənir və əlaqələr möhkəmlənir. Səfər çərçivəsində imzalanmış sənədlər mövcud potensialdan faydalanmaq üçün zəmin yaradır. Söhbət iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı və nəqliyyat-kommunikasiya potensialının genişləndirilməsindən gedir.
Bu, əməkdaşlıq üçün yaxşı imkanlar yaradır. Nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planlar var. Bu infrastrukturun yaradılması üçün həm Qazaxıstanda, həm də Azərbaycanda vaxtında tədbirlər görülüb. İndi ölkələrimiz arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, tranzit potensialının yüksəldilməsi barədə söhbət gedir. Müvafiq orqanlar artıq müəyyən vaxtdır ki, bu istiqamətdə aktiv qarşılıqlı fəaliyyət göstərirlər. Orta Dəhliz layihəsi həyata keçirilir. Orta Dəhliz çox böyük perspektivə malikdir və əlbəttə, bu layihənin həyata keçirilməsində Qazaxıstanın və Azərbaycanın çox mühüm rolu var. “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin xüsusi əhəmiyyəti vardır. Bu Bəyannamənin adı sənədin əhəmiyyətinə dəlalət edir. Biz təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərik. Əlbəttə, bu, bizim üzərimizə xüsusi məsuliyyət qoyur və biz bu məsuliyyətə hazırıq. Bəyannamə bizim əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək. Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Həmçinin, Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib.
Bu da Orta Dəhlizin tərkib hissəsi olacaq. Bu baxımdan hesab edirəm ki, Qazaxıstan Prezidentinin Bakıya səfəri iki ölkə arasında qarşılıqlı əlaqələrin intensivləşməsində tarixi əhəmiyyət kəsb edəcək. Azərbaycanla Qazaxıstan arasında əməkdaşlıq üçün bir çox perspektivli istiqamətlər mövcuddur. Odur ki, bütün sahələrdə – ticari-iqtisadi, humanitar, nəqliyyat, mədəni, elmi, analitik, turizmin inkişafı və sair sahələrdə ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensial var. Hər iki ölkə liderinin şəxsi, qardaşlıq münasibətləri dünya səviyyəsində davam etdirilir. Azərbaycan Prezidentinin dünyadakı nüfuzu onu göstərir ki, Azərbaycan türkdilli ölkələrlə, xüsusilə qardaş ölkələrlə münasibətlərə çox böyük önəm verir. Bu gün də biz Qazaxstanla olan münasibətlərimizdə müsbət tendensiyanın şahidi oluruq. Biz inanırıq ki, bu münasibətlər gələcəkdə də ən yüksək səviyyədə inkişaf edəcək.
Elnur Atakişiyev, Masallı Regional Mədəniyyət İdarəsi Cəlilabad nümayəndəliyinin rəhbəri