15 iyun 2021-ci il. Şuşa.
Dağların qoynunda, tarixin səsinə bürünmüş qədim şəhərdə iki qardaş dövlətin liderləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan – bir sənəd imzaladılar. Bu, sadəcə diplomatik kağız parçası deyildi. Bu, tarixə vurulan möhür idi. Bu, iki xalqın bir millət olduğunun sübutu, qan yaddaşımızın, əzablarımızın, zəfərlərimizin zirvəsində yazılmış Şuşa Bəyannaməsi idi.
Aydındır ki, Şuşa Bəyannaməsinin imzalanma yeri və tarixi dərin simvolik məna daşıyır. Şuşa şəhəri Azərbaycan üçün yalnız mədəni və tarixi baxımdan deyil, həm də milli qürur və ərazi bütövlüyünün rəmzi kimi böyük əhəmiyyət kəsb edir. İkinci Qarabağ müharibəsindən sonra azad edilmiş bu şəhərdə belə bir sənədin imzalanması, Azərbaycan-Türkiyə birliyinin regiondakı yeni reallıqları təsdiqlədiyini nümayiş etdirir.
Azərbaycan və Türkiyə… Dildə deyil, ürəkdə qardaşlıq daşıyan iki xalq. Min illərlə eyni ağacın budaqları kimi kökümüz bir, dərdimiz bir, arzumuz bir olmuşdur. Qarabağ dərdi də bir idi – Türkiyənin hər ocağında bu dərd alışmış, hər könüldə Şuşa üçün dua edilmişdi. Və nəhayət, o gözəl gün gəldi – Şuşa azad edildi. 44 günlük Vətən müharibəsində Azərbaycanın qəhrəman ordusu Zəfər Salnaməsi yazdı. Bu zəfərin ardınca isə, Şuşada imzalanan Bəyannamə ilə tarixin axarı dəyişdi.
Şuşa Bəyannaməsi, sadəcə dövlətlərarası razılaşma deyil. Bu sənəd, gələcək nəsillərə bir miras, bir çağırışdır. O deyir ki: “Biz tək deyilik. Heç vaxt da tək olmayacağıq.” Əgər Azərbaycan təhlükə qarşısında qalarsa, Türkiyə onun yanındadır. Əgər Türkiyə sınaqdan keçərsə, Azərbaycan onun dayağıdır. Bu, bir müqəddəs vəd, bir müttəfiqlik andıdır. Digər bir tərəfdən, Şuşa Bəyannaməsi yalnız ikitərəfli münasibətləri deyil, həm də regional güc balansını yenidən müəyyənləşdirən mühüm sənəddir. Bu sənəd vasitəsilə Azərbaycan və Türkiyə öz birliyini təkcə dostluq və qardaşlıqla deyil, həm də konkret hüquqi və hərbi mexanizmlərlə təsbit etmişdir. Bu isə, bölgədə digər aktorların da bu reallığı nəzərə almasına səbəb olmuşdur.
Bəyannamə təkcə hərbi əməkdaşlıqdan da danışmır. O, ortaq mədəniyyətimizin, ortaq iqtisadi gücümüzün, ortaq gələcəyimizin yol xəritəsidir. Zəngəzur dəhlizi bu Bəyannamənin simasında Cənubi Qafqazı birləşdirən, türkdilli dövlətləri yaxınlaşdıran, tarixlə gələcəyin körpüsünə çevrilir. Şuşada imzalanan bu sənəd, öz doğmalarını itirmiş anaların göz yaşlarını, şəhid qanı ilə yoğrulmuş torpaqların səsini, hər daşında tarix yazılan şəhərin nəfəsini içində daşıyır.
Bu gün Azərbaycanla Türkiyəni heç nə ayıra bilməz. Biz artıq sadəcə dost, sadəcə qonşu deyilik. Biz eyni ürəyin döyüntüləriyik. Şuşa Bəyannaməsi bunu tarixə qızıl hərflərlə yazdı. Bu Bəyannamə bizə göstərdi ki, milli qürur yalnız sözlə deyil, əməllə yaşanır. Qəlblərimiz bir döyünürsə, yollarımız da bir olacaq. Azərbaycanın Şuşasında imzalanan bu müqəddəs sənəd, təkcə keçmişin qələbəsi deyil, gələcəyin zəfəridir.
Bu bizim tariximizdir. Bu bizim gücümüzdür. Bu bizim birliyimizdir.
Arzu Cahangirova
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Pirallahı Rayon Komitəsinin sədri
👁 baxış
