Mayın 28-də Laçın şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə baş tutan Zirvə görüşü regionda əməkdaşlığın və strateji həmrəyliyin gücləndirilməsi baxımından mühüm önəm kəsb edir. Azərbaycan və Türkiyə liderlərinin Laçın beynəlxalq hava limanının açılışında birgə iştirakının, eyni zamanda Laçında Pakistan baş nazirinin də iştirakı ilə Liderlərin üçtərəfli zirvə görüşünün keçirilməsinin rəmzi və tarixi əhəmiyyəti var. Azərbaycanın Müstəqillik Günündə qardaş Türkiyə lideri və 30 il təmənna olmadan Ermənistanı işğalçı kimi tanıyan Pakistan baş nazirinin Şərqi Zəngəzura səfəri təsadüfi deyil. Bu, qardaşlıq münasibətlərinin daha da möhkəmləndiyini təsdiqləyir. Ümumiyyətlə, son illərin təcrübəsi də göstərir ki, Bakı-Ankara-İslamabad birliyi ölkələrimizin nüfuzunu və gücünü daha da artırır.
Dövlətimizin başçısının çıxışında səslənən fikirlər regional sabitliyin gücləndirilməsi və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi istiqamətində diqqətəlayiq yanaşmaları ehtiva edir. Cənab İlham Əliyev azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərini, regional sülh gündəliyinin irəliləməsi üçün atılan addımları və dost-tərəfdaş ölkələrlə əlaqələrin yeni mərhələyə keçidini vurğulayıb. Bu məqamlar həm də ölkəmizin mövqeyinin prinsipiallığına və perspektivinə dair aydın təsəvvür yaradır. Laçın rayonunun azad olunmasından sonra bu ərazidə keçirilən hər bir tədbir Azərbaycan üçün həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır. Azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin nümayişi və dost, tərəfdaş ölkələrin liderlərinin bir araya gəlməsi diqqətçəkən bir hadisə kimi qeyd olunur. Burada təşkil olunan konsert qayıdış, milli qürur və müstəqil dövlətçiliyin rəmzi idi. Bütün bunlar bir daha göstərir ki, öz ərazi bütövlüyünü bərpa etməklə yanaşı, ölkəmizin regionda yaratdığı yeni reallıqlar beynəlxalq müstəvidə dəstəklənir.
Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında keçirilən Zirvə görüşü qardaşlıq və strateji tərəfdaşlığın real nümunəsinə çevrilib. Bu görüş həm rəmzi, həm də praktiki məna daşıyır. Laçın kimi strateji və tarixi əhəmiyyətə malik bir ərazidə üç ölkə liderinin bir araya gəlməsi regional sülh, əməkdaşlıq və ortaq gələcəyin qurulmasına dair möhkəm siyasi iradənin göstəricisidir. Zirvə görüşü çərçivəsində verilən mesajlar növbəti dəfə sübut edir ki, qardaş ölkələr nəinki ortaq tarixi və mədəni dəyərlərlə, həm də çağdaş dövrdə milli maraqlarla bir-birinə bağlıdır.
Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlıq modeli yalnız mövcud reallıqlara uyğun deyil, həm də gələcək perspektivlərə yönəlmişdir. Dostluq, qardaşlıq və strateji tərəfdaşlıq müstəvisində qurulan dövlətlərarası münasibətlər hər üç ölkənin mənafelərinə və regionun inkişafına xidmət edir. Azərbaycan, Türkiyə və Pakistan qarşıdakı mərhələdə də birgə təşəbbüslərlə çıxış edərək enerji, müdafiə, nəqliyyat, texnologiya və mədəniyyət sahələrində daha dərin işbirliyi və inteqrasiyaya nail olacaqlar.
Fazil Məhəmmədov,
Pirallahı Rayon Ağsaqqallar Şurasının üzvü
👁 baxış
