Müstəqillik yolu

XX əsrin əvvəlləri dünya siyasi xəritəsində böyük dəyişikliklərin baş verdiyi dövr kimi tarixə düşmüşdür. Bu dövrdə imperiyalar süquta uğrayır, xalqlar milli azadlıq uğrunda mübarizəyə qalxırdılar. Belə bir mürəkkəb və gərgin şəraitdə, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dəfə demokratik bir dövlət — Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan edildi. Bu, yalnız Azərbaycanın milli istiqlalının təntənəsi deyil, eyni zamanda Şərq dünyasında ilk demokratik, hüquqi və dünyəvi parlament respublikasının yaradılması demək idi.

Çar Rusiyasının süqutundan sonra Qafqazda yaranmış siyasi boşluqdan istifadə edən Azərbaycan ziyalıları və siyasətçiləri xalqın milli dövlətə sahib olması üçün tarixi təşəbbüs göstərdilər. Müsəlman Şərqində ilk dəfə olaraq respublika idarəetmə forması seçildi, xalq hakimiyyətinə əsaslanan bir dövlət quruldu. Bu hadisə region və İslam dünyası üçün böyük tarixi dönüş nöqtəsi oldu. AXC-nin mühüm xüsusiyyətlərindən biri də onun parlamentli respublika modeli idi. 1918-ci ilin dekabrında açılan Azərbaycan Parlamentinə müxtəlif siyasi partiyalar, sosial qruplar və milli azlıqlar nümayəndələr göndərmişdilər. Bu, hakimiyyətin xalqın iradəsinə əsaslanmasını və demokratik idarəçiliyin təmin olunmasını göstərirdi.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, onun əsasını qoyduğu demokratiya, hüququn aliliyi, dünyəvilik və parlament idarəetməsi prinsipləri xalqın yaddaşında silinməz iz buraxdı. Bu ideyalar uzun illər sovet rejiminin təzyiqləri altında sıxılsa da, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə yenidən aktuallıq qazandı. Tarixi irsin qorunması və dirçəldilməsi sahəsində ümummilli lider Heydər Əliyevin rolu əvəzsiz olmuşdur. 1990-cı illərin əvvəllərində ölkə ciddi siyasi, iqtisadi və sosial böhranlarla üz-üzə qalmışdı. Daxili sabitliyin pozulması, separatçılıq meylləri və Ermənistanla müharibə vəziyyəti yenicə formalaşmaqda olan dövlətçiliyi təhlükə altına salmışdı. Məhz bu dövrdə xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev dövlətçiliyin xilaskarı kimi çıxış etdi. Onun rəhbərliyi ilə ölkədə siyasi sabitlik bərqərar edildi, demokratik institutların qurulması istiqamətində mühüm addımlar atıldı.
1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası hüquqi dövlət quruculuğuna, insan hüquq və azadlıqlarının qorunmasına əsaslandı. Bu sənəd faktiki olaraq AXC-nin hüquqi və siyasi irsinin davamı oldu. Heydər Əliyev həmçinin Azərbaycanda dünyəvi dövlət modelinin möhkəmləndirilməsinə xüsusi diqqət yetirmiş, dinlərarası tolerantlığı dövlət siyasətinə çevirmişdi. Onun təşəbbüsü ilə din azadlığı təmin olundu, müxtəlif dini icmalar arasında qarşılıqlı hörmət və əməkdaşlıq mühiti yaradıldı.

Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki yerini yüksək qiymətləndirərək onun ideallarını yaşatmış və gələcək nəsillərə ötürmüşdür. Beləliklə, AXC-nin təməl prinsipləri — demokratiya, hüquq, dünyəvilik və parlamentarizm — Heydər Əliyev tərəfindən qorunmuş, inkişaf etdirilmiş və müstəqil Azərbaycanın siyasi fəlsəfəsinə çevrilmişdir.
Prezident İlham Əliyev isə bu siyasi irsi uğurla davam etdirərək Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmiş, ölkənin beynəlxalq nüfuzunu artırmışdır. Onun rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar, iqtisadi inkişaf proqramları və uğurlu xarici siyasət nəticəsində Azərbaycan regionda lider dövlətə çevrilmişdir. Milli maraqların qorunması və dövlət suverenliyinin bərpası istiqamətində atılan qətiyyətli addımlar, xüsusilə 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi, bu siyasətin real nəticələridir.

Şəbnəm Eldarova
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının
Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin əməkdaşı

👁 baxış