Azərbaycanın yeni geosiyasi reallıqlarda rolu və sülh gündəmi

Son illərdə baş verən proseslər fonunda Cənubi Qafqazın, xüsusilə də Azərbaycanın beynəlxalq diqqət mərkəzinə çevrilməsi artıq danılmaz həqiqətdir. Vətən müharibəsi ilə başlayan yeni geosiyasi mərhələ, ardınca Rusiya–Ukrayna müharibəsi, Qərbdə yaranan enerji böhranı, ənənəvi tranzit marşrutlarının təhlükəsizliyinə dair suallar, eləcə də ABŞ–İsrail–İran xəttində artan gərginlik fonunda Azərbaycanın bu dövlətlərlə möhkəm əlaqələrə malik olması ölkəmizin strateji əhəmiyyətini daha da artırmışdır. Bununla yanaşı, türk dünyasının artan rolu və Azərbaycanın bu məkan daxilində tutduğu mövqe ölkəmizin adının qlobal gündəmdə daha tez-tez səslənməsinə ciddi zəmin yaratmışdır.
Eyni zamanda, ötən ilin avqust ayında Azərbaycan və Ermənistan arasında Amerika Birləşmiş Ştatlarında, həmin ölkənin Prezidentinin iştirakı və şahidliyi ilə imzalanmış Birgə Bəyannamə, eləcə də paraflanmış Sülh Sazişi regionda yeni bir mərhələnin əsasını qoymuşdur. Bu sənədlər əməkdaşlıq, birgəyaşayış və quruculuq istiqamətində yeni bir dövrün başlandığını göstərir. Beləliklə, bu gün Azərbaycan və bütövlükdə Cənubi Qafqaz dünya miqyasında diqqət çəkən əsas regionlar sırasına daxil olmuşdur.
Bu kontekstdə, 4 may 2026-cı il tarixində Ermənistanın paytaxtı İrəvanda “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısının keçirilməsi diqqətləri yenidən regiona yönəltmişdir. Həmin toplantıda dövlət başçısı cənab İlham Əliyevin videoformatda iştirak edərək çıxış etməsi isə sülh istiqamətində atılan addımların ardıcıl və uğurlu olduğunu bir daha aydın şəkildə nümayiş etdirmişdir.
Dövlətimizin başçısının nitqində olduqca maraqlı məqamlar, sərt və konkret istiqamətə yönəldilmiş mesajlar çıxışın beynəlxalq auditoriyada xüsusi diqqət çəkməsinə əsaslı zəmin yaratdı. Çıxışa keçmədən öncə, Avropa Siyasi Birliyinin əsas məqsədi ilə bağlı bildirmək istərdim ki, “Avropa Siyasi Birliyi” təhlükəsizlik, iqtisadi sabitlik, demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi-iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. İndi isə dövlətimizin başçısı cənab İlham Əliyevin bu mötəbər tədbirdəki niqtinə yaxından nəzər yetirək. Məlumdur ki, yaxın günlərdə Azərbaycan Avropa İttifaqı – Azərbaycan Parlamenti Əməkdaşlıq Komitəsində iştirakına son qoyulub. Bu qərar əhəmiyyətli dərəcədə diqqət çəkib. Qərarın səbəbi isə Avropa Parlamentinin son illərdə Azərbaycanla bağlı çoxsaylı qətnamələr qəbul etməsi, obyektivlikdən uzaq yanaşma göstərməsidir. Avropanın öz daxilində ciddi problemlər mövcud olduğu halda Azərbaycanın sistemli şəkildə hədəfə alınması bu qurumla münasibətlərin davam etməsinə ciddi maneə törədir. Bu cür addımlar sülh prosesinə töhfə vermir, əksinə, onu zəiflətməyə çalışan qüvvələrə stimul yaradır. Azərbaycan Prezidenti bu məsələ ilə bağlı öz çıxışında Avropa liderlərinin qarşısında sərt və qətiyyətli mövqe ortaya qoyaraq bildirdi ki, əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Dövlətimizin başçısı həmçinin vurğuladı ki, Avropa Parlamenti sülh prosesinə dəstək vermək əvəzinə ona qarşı sabotajla məşğul olur. Bəli, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra adı çəkilən qurumlar tərəfindən ortaya qoyulan ardıcıl yanaşma bu fikirlərin nə dərəcədə doğru olmasını əsaslı faktlarla sübut edir. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir. Bu gün Ukraynaya canfəşanlıqla dəstək verən Avropa təsisatları Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə qanun pozuntusu ya da orada qeyri-qanuni məskunlaşan insanların hüquq pozuntusu kimi qiymət verməyə cəhd edir. Ancaq tarixi reallıq başqadır. Biz öz ərazi bütövlüyümüzü canımız və qanımız bahasına bərpa edərək bütün dünyanı bununla hesablaşmağa məcbur etmişik. Bu gün isə artıq tamamilə başqa bir reallıq yaranıb. Uzun illər qan gölünə çevrilmiş bu coğrafiyada artıq çiçəklənmə vaxtıdır. Qalib ölkə kimi sülh istiqamətində addımlar atan Azərbaycanın hədəfi məhz budur. Növbəti nəsillərə qan davası buraxmaq yerinə inkişaf edən, birgəyaşayan, qurub yaradan ölkələr buraxmaq. Və artıq biz bunun ilk nəticələrinin şahidiyik. Dövlətimizin başçısının Ermənistanda keçirilən bu mötəbər tədbirə fiziki olmasa da, videoformatda qoşulması, bu tədbirin keçirilməsi üçün əvvəlcədən razılıq verməsi və ədalət üçün növbəti illərdə tədbirin Azərbaycanda keçirilməsinə Ermənistanın da dəstək ifadə etməsi, artıq iki ölkə arasında ticarətin ilkin toxumlarının atılması bu prosesin uğurlu gedişinin göstəriciləridir. Və nə qədər sabotaj cəhdləri olsa da bu proses davam edəcək, heç bir xarici maraq regionun sülhə doğru addımlamasına maneə yarada bilməyəcək. Beləliklə, bugünkü reallıq ondan ibarətdir ki, Azərbaycan beynəlxalq hüququn bərpası, sülhün qurulması və qalib dövlətin məsuliyyətli davranışı baxımından nümunədir. Bakı bu gün regionda sülhün memarıdır. Prezident İlham Əliyevin çıxışı isə bu siyasətin strateji istiqamətini və mənəvi əsaslarını dünyaya təqdim etdi. Ermənistanın Baş naziri Nikol Paşinyanın müsbət mesajları, Antonio Koştanın bu prosesi “Avropada sülh hekayəsi” kimi qiymətləndirməsi, həmçinin Volodimir Zelenski və Kanadanın Baş naziri Mark Karni tərəfindən verilən dəstək beynəlxalq ictimaiyyətin yeni reallığı qəbul etməyə başladığını göstərir.

Xəyalə Cavanşirli
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının
İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi

👁 52 baxış