Çin-Azərbaycan münasibətlərinin çoxəsrlik tarixi var. Bu gün Cənubi Qafqazın aparıcı ölkəsi olan respublikamız tarixən qədim İpək Yolu üzərində yerləşir və bu yol öz mənbəyini məhz Çindən götürür. Azərbaycanın Çin ilə müasir əlaqələri isə Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə qoyulmuşdur. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər bu münasibətlərin daha da inkişafı üçün münbit zəmin yaratmışdır. Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi ilə ölkələrimiz arasında iqtisadi əlaqələr məhz ŞƏT çərçivəsində qarşılıqlı fəaliyyət, ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Çin hökumətlərarası komissiyasının fəaliyyəti sayəsində daha da möhkəmlənmişdir. Çin tərəfi ŞƏT-də Azərbaycanın hüquqi statusunun artırılmasını dəstəkləyir və onun BRİKS-ə qoşulmaq istəyini alqışlayır. Bu münasibətlər bütün sahələrdə – siyasi, iqtisadi, mədəni və hətta mənəvi sahələrdə özünü göstərir.
Qarşılıqlı münasibətlərimizin parlament ölçüsü nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, eləcə də parlamentlərarası işçi qrupları vasitəsilə formalaşır. Bu çərçivədəki görüşlərin ruhu Azərbaycan Respublikası və ÇXR – nın ümumi məqsədlərimizə xidmət edən prinsiplərə sadiqliyinin təsdiqidir. Belə əlaqələr hər iki ölkənin aparıcı siyasi partiyaları – Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında da mövcuddur və inkişaf etməkdədir. Bu gün Azərbaycan – Çin əlaqələri çox¬şaxəli struktura malikdir, dövlətlər arasında əməkdaşlıq çoxşaxəli və konstruktivdir. Çin Azərbaycanın ilk idxal mənbəyi və beş əsas ticarət tərəfdaşımızdan bi¬ridir. Burada enerji keçidi, bərpa olunan enerji sahəsində əməkdaşlıqdan tutmuş istehsal sahələ¬rinədək bir sıra məqamlar var.
Aprelin 22-24-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanması bu münasibətlərin pik nöqtəsidir. Belə ki, bu anlaşma Azərbaycan – Çin münasibətlərinı keyfiyyətcə yeni mərhələyə yüksəltmiş oldu. Dünyada ən güclü geosiyasi mərkəzlərdən biri olan Çin Azərbaycanı Cənubi Qafqazda özünün strateji tərəfdaşı kimi dəyərləndirdiyini rəsmi şəkildə bəyan etmiş və demək olar ki, bütün istiqamətlərdə qarşılıqlı münasibətlərin inkişafında maraqlarını ifadə etmişdir. Çin-Azərbaycan münasibətləri baxımından tarixən və siyasi baxımdan müstəsna əhəmiyyətə malikdir.
Diqqətçəkən faktdır ki, Çin mediası Azərbaycan liderinin bu ölkəyə rəsmi səfərinə hədsiz maraq nümayiş etdirib. Səfəröncəsi cənab İlham Əliyevin Çinin Sinxua Agentliyinə verdiyi müsahibə və səfərin yekunları ilə bağlı dövlətimizin başçısının Pekində Çinin CGTN (China Global Television Network) telekanalının “Danışır liderlər” verilişinə dəvət alması həm ölkəmizin nüfuzunun yüksək səviyyədə dəyərləndirilməsi, həm də onun liderinin personasına xüsusi münasibətin göstəricisidir. İkitərəfli münasibətlərin hazırkı yüksək səviyyəyə çatmasında dövlət başçıları cənab İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasındakı dostluq əlaqələrinin əhəmiyyətli rolu var. Bütün bunlar o deməkdir ki, qlobal beynəlxalq gündəmin əsas məsələlərinə dair bizim mövqelərimiz üst-üstə düşür. Beləliklə, əminliklə bildirmək lazımdır ki. dünyanın böyük və qədim dövlətlərindən biri olan Çin Xalq Respublikası ilə olan münasibətlərin inkişafı Azərbaycanın milli maraqları, strateji maraqlarına uyğundur.
Anar Babayev,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı
👁 baxış
