Müasir dövrdə beynəlxalq münasibətlərin dinamikası, geosiyasi dəyişikliklər və qlobal çağırışlar fonunda dünyanın müxtəlif ölkələrindən gələn mütəxəssislərin və liderlərin bir araya gələrək fikir mübadiləsi aparması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forum xüsusi diqqətə layiqdir. Forum həm mövzu baxımından aktual, həm də iştirakçıları və müzakirə olunan məsələlər etibarilə dəyərli bir platforma olmuşdur. Forumun əsas məqsədi dəyişən qlobal nizamın konturlarını müəyyənləşdirmək, yeni dünya düzənində beynəlxalq əməkdaşlığın və diplomatiyanın rolunu müzakirə etmək, həmçinin region ölkələrinin bu proseslərdə tutacağı mövqeyə işıq salmaq idi. Tədbirdə bir sıra ölkələrin keçmiş və hazırkı dövlət rəsmiləri, politoloqlar, beynəlxalq münasibətlər üzrə alimlər və tələbələr iştirak etmişdi. Bu, forumun intellektual mühitini daha da zənginləşdirmiş və müxtəlif baxış bucaqlarının səsləndirilməsinə imkan yaratmışdır.
Müzakirələr zamanı əsas diqqət çəkən məsələlərdən biri də münaqişələrin diplomatik yolla həllinin vacibliyi, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi və beynəlxalq hüququn qorunması kimi məsələlər oldu. Forumda Azərbaycanın artan beynəlxalq nüfuzu, regional təşəbbüslərdəki fəal rolu və sülh təşəbbüslərinə verdiyi töhfələr də xüsusi vurğulandı. Bu, ölkəmizin qlobal proseslərdə getdikcə daha fəal oyunçuya çevrildiyini göstərir. ADA Universitetinin belə əhəmiyyətli forumlara ev sahibliyi etməsi, təkcə təhsil müəssisəsi kimi deyil, həm də düşüncə mərkəzi kimi formalaşmasının göstəricisidir. Bu cür tədbirlər tələbələr üçün geniş üfüqlər açır, onların beynəlxalq münasibətlər sahəsində düşünmə və analiz etmə bacarıqlarını inkişaf etdirir.
Bu forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı xüsusi əhəmiyyət kəsb etdi. Onun çıxışı həm mövzu dərinliyi, həm də verdiyi siyasi mesajlarla forumun ən yadda qalan məqamlarından biri oldu. Prezident İlham Əliyev çıxışında ilk növbədə müasir dünyada müşahidə olunan qeyri-sabitliklərə, geosiyasi ziddiyyətlərə və beynəlxalq hüququn selektiv tətbiq olunmasına toxundu. O qeyd etdi ki, dünya nizamında baş verən dəyişikliklər dövlətlər arasında yeni əməkdaşlıq modellərinin formalaşmasını tələb edir. Prezident vurğuladı ki, bəzi hallarda beynəlxalq təşkilatlar öz missiyalarını yerinə yetirməkdə çətinlik çəkir və bu da sülh və təhlükəsizliyə təhdid yaradır. Cənab Prezidentimiz öz çıxışında ölkəmizin beynəlxalq arenada müstəqil siyasət yürütməsini, milli maraqlara əsaslanan qərarlar qəbul etməsini və tərəfdaşlıqlarda balanslı mövqe tutmasını əsas prinsip kimi təqdim etdi. Xüsusilə Qarabağda əldə olunan tarixi qələbədən sonra Azərbaycanın regionda sabitliyin və əməkdaşlığın təşəbbüskarı kimi çıxış etdiyini vurğuladı. İlham Əliyev Azərbaycanın regional layihələrdə – xüsusilə enerji və nəqliyyat sahələrində-fəal rol oynadığını və bu layihələrin təkcə iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıdığını bildirdi. Cənab Prezidentin çıxışında diqqət çəkən əsas məqam onun beynəlxalq ədalət çağırışı idi. O bildirdi ki, dünya nizamı yalnız güc prinsiplərinə deyil, beynəlxalq hüququn ədalətli və bərabər şəkildə tətbiqinə əsaslanmalıdır. Azərbaycan rəhbəri qloballaşan dünyada milli suverenliyin və daxili işlərə qarışmama prinsipinin qorunmasının vacibliyini xüsusi qeyd etdi. Prezidentin məntiqli arqumentləri, tarixi faktlara əsaslanan çıxışı və gələcəyə dair strateji baxışları, Azərbaycan Respublikasının müasir dünya düzənində artan rolunu bir daha nümayiş etdirdi.
Tural Cəfərov,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi
iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi
👁 baxış
