31 Mart Azərbaycan tarixinə qanla yazılmış faciəli hadisələrdən biridir. XX əsrin əvvəllərində, 1918-ci ilin mart-aprel aylarında Bakıda və Azərbaycanın digər bölgələrində erməni daşnak-bolşevik qüvvələri minlərlə günahsız azərbaycanlını amansızcasına qətlə yetirmiş, kəndləri yandırmış və əhalini kütləvi surətdə məhv etmişdilər. Bu hadisələr təkcə milli zəmində törədilmiş bir qırğın deyil, həm də Azərbaycan xalqının etnik təmizlənməsinə yönəlmiş soyqırımı aktı idi.
1917-ci ildə Rusiyada baş verən inqilabdan sonra bolşeviklər hakimiyyəti ələ keçirdilər. Bu dövrdə erməni daşnakları bolşeviklərlə birləşərək Cənubi Qafqazda, xüsusilə də Azərbaycanda öz məkrli niyyətlərini həyata keçirmək üçün əlverişli fürsət qazandılar. bolşeviklər və daşnaklar 1918-ci ilin mart ayında azərbaycanlı əhaliyə qarşı dəhşətli qırğınlar törətdilər. Martın 30-dan başlayaraq Bakıda və ətraf qəsəbələrdə minlərlə azərbaycanlı qadın, uşaq, qoca amansızlıqla qətlə yetirildi. Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və digər bölgələrdə də erməni silahlı dəstələri eyni cinayətləri törədərək kəndləri yandırdılar, insanları diri-diri yandıraraq vəhşilik nümayiş etdirdilər. Mənbələrə görə, təkcə Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirildi. Şamaxıda 8 mindən çox insan öldürüldü, Qubada 16 mindən çox azərbaycanlı və yerli yəhudi əhali məhv edildi. Erməni quldur dəstələri Zəngəzurda 115 kəndi, Qarabağda isə yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan etdilər. Mart soyqırımı bir neçə səbəbdən irəli gəlirdi. Əsas məqsədlər isə erməni millətçiləri Böyük Ermənistan yaratmaq ideyası ilə Azərbaycan torpaqlarını azərbaycanlılardan təmizləməyə, həmin dövrdə Bakı strateji əhəmiyyətə malik idi və onun neft ehtiyatlarına nəzarət etmək istəyən qüvvələr Azərbaycan xalqını zəiflətməyə çalışırdılar, Azərbaycan xalqı 1918-ci ilin mayında müstəqilliyini elan etməyə hazırlaşırdı. Erməni-bolşevik qüvvələri bu prosesi əngəlləməyə çalışırdılar.
1918-ci ilin iyun ayında Azərbaycan Xalq Cümhuriyyəti xüsusi istintaq komissiyası yaratdı və hadisələrin araşdırılması üçün işlər apardı. Bunun nəticəsində bir sıra faktlar aşkar edildi və cinayətkarlar barəsində sənədlər hazırlandı. Lakin AXC-nin süqutundan sonra bu məsələyə lazımi səviyyədə hüquqi qiymət verilmədi. Lakin 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra soyqırımın araşdırılması və dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi addımlar atıldı. 1998-ci ildə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi rəsmi şəkildə qeyd olunmağa başladı. Bundan əlavə, Quba Soyqırımı Memorial Kompleksi də açılaraq dünya ictimaiyyətinə erməni vandalizminin sübutlarını nümayiş etdirdi.
Mart soyqırımı Azərbaycan xalqına ağır fəsadlar verdi. Minlərlə günahsız insanın qətlə yetirilməsi ilə yanaşı, Azərbaycanın demoqrafik və sosial strukturu dəyişdi. Xalq psixoloji və mənəvi cəhətdən ağır zərbələr aldı. Lakin müstəqillik illərində Azərbaycan dövləti tarixi həqiqətlərin üzə çıxarılması və beynəlxalq aləmdə tanıdılması üçün müxtəlif tədbirlər həyata keçirdi. Azərbaycan dövləti və xalqı uzun illər bu faciəni unutmayaraq, tarixi həqiqətlərin üzə çıxarılması və ədalətin bərpası üçün mübarizə aparmışdır. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bu istiqamətdə fəaliyyətini davam etdirir. Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə və soyqırım siyasəti, o cümlədən Qarabağ müharibələri zamanı törədilmiş Xocalı soyqırımı ilə birgə dünya miqyasında tanıdılmağa çalışılır. Dövlətimizin başçısı cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın misilsiz xidmətləri və əvəzsiz səyləri nəticəsində dünyanın aparıcı ölkələrində, eləcə də nüfuzlu təşkilatlarla düzgün və ardıcıl işin həyata keçirilməsi ermənilərin uydurma iddiaları ilə əsrlərlə formalaşmış stereotiplərin və yanlış siyasi yanaşmaların dəyişməsinə səbəb olub.
Tural Cəfərov,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi
👁 baxış
