Azərbaycan – Şimali Makedoniya əlaqələri genişlənir

2025-ci il martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkova arasında Bakıda rəsmi görüş keçirilmişdir. Görüş zamanı hər iki lider Azərbaycan və Şimali Makedoniya arasında əməkdaşlığın mövcud vəziyyətini və perspektivlərini müzakirə etmiş, siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin genişləndirilməsi məsələlərinə toxunmuşlar. Xüsusilə, enerji, ticarət və təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır. Prezident İlham Əliyev Azərbaycan ilə Şimali Makedoniya arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulamış, qarşılıqlı səfərlərin və yüksək səviyyəli görüşlərin bu prosesə töhfə verdiyini qeyd etmişdir. Prezident Qordana Silyanovska-Davkova isə Azərbaycan Respublikasına səfərindən məmnunluğunu ifadə edərək, ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş potensialın olduğunu bildirmişdir.

Azərbaycan və Şimali Makedoniya arasındakı münasibətlər mehriban dostluq və qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanır. Hər iki ölkə müstəqillik əldə etdikdən sonra beynəlxalq arenada öz mövqelərini möhkəmləndirmək üçün müxtəlif sahələrdə əməkdaşlıq etməyə başlayıblar. İlk növbədə, Azərbaycan və Şimali Makedoniya arasında diplomatik əlaqələr 1995-ci ildə qurulmuşdur. Bu tarixdən etibarən iki ölkə müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləmiş və əməkdaşlıq etmişdir. Xüsusilə, bir sıra büynəlxalq təşkilatlarda hər iki dövlətin mövqeləri müəyyən mənada üst-üstə düşür. İqtisadi əməkdaşlıq sahəsində isə iki ölkə arasında ticarət əlaqələri hələ ki yüksək səviyyədə olmasa da, bu istiqamətdə inkişaf üçün müəyyən imkanlar mövcuddur. Xüsusilə, enerji sektoru Azərbaycan və Makedoniya arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biri ola bilər. Azərbaycan təbii qaz ehtiyatları ilə zəngin bir ölkə kimi Avropaya enerji tədarükündə mühüm rol oynayır. Bu baxımdan, Şimali Makedoniya da enerji təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycanla əməkdaşlıq edə bilər. Mədəniyyət və təhsil sahəsində də Azərbaycan və Şimali Makedoniya arasında münasibətlər mövcuddur. Hər iki ölkə müxtəlif mədəni tədbirlər və sərgilər vasitəsilə xalqlar arasında əlaqələrin inkişafına töhfə verməyə çalışır. Təhsil sahəsində də tələbə mübadilə proqramlarının həyata keçirilməsi və ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi üçün imkanlar mövcuddur. Siyasi baxımdan Azərbaycan və Şimali Makedoniya bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan Balkan regionu ilə əlaqələrini genişləndirməkdə maraqlıdır və bu kontekstdə Şimali Makedoniya ilə əməkdaşlıq da vacibdir. Ümumilikdə, Azərbaycan və Şimali Makedoniya arasında münasibətlər dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Hər iki ölkə əməkdaşlığı daha da inkişaf etdirmək üçün müxtəlif sahələrdə yeni imkanlar axtarmaqda davam edir. Bu əlaqələrin gələcəkdə daha da möhkəmlənməsi və dərinləşməsi üçün böyük potensial mövcuddur.

11 mart tarixli görüş Azərbaycan və Şimali Makedoniya arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Şəbnəm Eldarova,
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi

👁 baxış