Bu gün Azərbaycan özünün beynəlxalq əlaqələrini məqsədyönlü şəkildə genişləndirməkdə davam edir. O cümlədən respublikamızın Balkan yarımadası ölkələri ilə ikitərəfli münasibətləri getdikcə daha çox səmimi dostluq zəminində inkişaf etməkdədir. Martın 11-də Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Bakıya rəsmi səfərə gəlmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova mətbuata bəyanatla edərək iki ölkə arasında olan əməkdaşlığın perspektivləri haqqında ətraflı fikir mübadiləsi apardılar.
Qədim tarixə malik olan makedoniyalılar müxtəlif imperiyaların tərkibində yaşasalar da, milli düşüncələrini itirməyərək, 1990-ci illərdə dünyada baş verən geosiyasi dəyişiklərdən istifadə edərək müstəqilliklərini qazandılar. Azərbaycanın hələ sosializm dövründən Balkan regionu ölkələri müəyyən əlaqləri olub. Yeni dövrdə isə Balkan regionu keçmiş sosialist məkanın Azərbaycan üçün ən maraqlı hissəsidir. O mənada ki, Qərbə ilk inteqrasiya edən, prosesdə sürətlə iştirak edən dövlətlər arasında keçmiş Yuqoslaviya dövlətləri də var. Yuqoslaviyanın dağılması ilə müstəqillik əldə edən Şimali Makedoniya ilə Azərbaycanın yeni tarixində bənzər məqamlar çoxdur. Hər iki dövlət imperialist siyasətin qurbanı olmuş və SSRİ-nin dağılmasından sonra müstəqillik qazanaraq inkişaf mərhələsinə qədəm qoymuşlar. Sərmayə qoyuluşu baxımından da Balkanlar, o cümlədən Makedoniya ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Keçmiş Yuqoslaviya ölkələrinin sərmayəyə ehtiyacı, turizm və s. istiqamətlər üzrə inkişaf potensialı fonunda Azərbaycan da həmin regionu özü üçün münbit hesab edir.
Bu gün Azərbaycanın Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi xarici siyasətin prioritet istiqamətlərindən biridir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Qərbi Avropa dövlətləri ilə sərhəddə yerləşən Balkan ölkələri Şərqlə ticarət, nəqliyyat və tranzit əlaqələrin qurulmasında mühüm rol oynayır. Azərbaycan Balkanlarda yerləşən Şimali Makedoniya üçün də cəlbedici ölkədir. Oxşar tariximiz və inkişaf prosesləri, eyni zamanda, Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasındakı əlaqələrin inkişafı zərurətini meydana çıxarıb. Bütün bunları nəzərə alaraq əminliklə söyləyə bilərik ki, Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın Azərbaycana rəsmi səfəri yaxın zamanlarda Bakı ilə Skopye arasında ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyini şərtləndirəcək.
Mehparə Mansırova,
Pirallahı rayonu, 243 nömrəli tam orta məktəbin direktoru
👁 baxış
