Tarix boyu çox faciələr yaşayıb xalqımız. Bu, nə qədər çətin olsa da, əzmimiz heç vaxt sarsılmayıb, ruhumuz istilaçılara, qəsbkarlara qarşı mübarizələrə hər zaman hazır olub. Təbii ki, bu mübarizələrdə xalqımızın igid oğul və qızları öz canlarından keçməklə, torpaqlarımızı yağı düşməndən qoruyub. Bu gün Ermənistan adlanan dövlətin əraziləri məhz Azərbaycanın tarixi torpaqları hesabına formalaşıb. Ötən əsrin 90-cı illərindən başlayaraq, Azərbaycan torpaqlarının işğalını qarşısına məqsəd qoyan ermənilər ölkəmizə qarşı müharibəyə başladılar. Tarixə I Qarabağ müharibəsi kimi düşən münaqişə alovlandı. Öz havadarlarından güc alan düşmənlər ərazilərimizin 20 faizini işğal etməyə nail oldular. Tarixin fərqli zamanlarında olduğu kimi, bu dəfə də Azərbaycanın qəhrəman oğul və qızları vətənin müdafiəsinə qalxdılar, döyüşdülər, şəhid oldular.
Xocalı soyqırımı I Qarabağ müharibəsi zamanı Azərbaycanlıların irədəsini qırmaq, ruhdan salmaq, torpaqlarının azadlığı uğrunda mübarizədən çəkindirmək üçün ermənilərin törətdikləri vəhşiliklər zəncirinin bir halqası idi. Qətliamların xüsusi qəddarlıqlarla törədilməsi deməyə əsas verir ki, bu soyqırımı hadisəsi planlaşdırılmış şəkildə həyata keçirilməklə, həm də mənəvi terror hadisəsi idi. Belə bir aktı, yalnız gözünü qanlı düşmənçilik pərdəsi örtmüş ruhsuz, ürəksiz varlıqlar törədə bilər. Ümumiyyətlə, tarixdə elə hadisələr var ki, onların insanlar tərəfindən törədildiyinə inanmaq olmur. Çünki, insan ağlı, düşüncəsi onu qəbul edə bilmir. Soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilib, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilib, əsir götürülənlərə amansız işgəncə verilib. Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, xarabalığa çevrilib.
Soyqırım etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsi olduğundan ermənilərin törətdikləri Xocalı soyqırımı da məhz bu məqsədi daşıyırdı. Bütün tarixi dövrlərdə soyqırım bəşəriyyətin amansız böyük itkisi sayılıb. Beynəlxalq hüquq normalarına görə, soyqırımı törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. Ermənilərin azərbaycanlılara qarşı yürüdülən soyqırımı siyasətinin tarixi əsrləri əhatə edir. Odur ki, ermənilər törətdikləri cinayətə görə, beynəlxalq trubunalardan mühakimə olunmalı və iç üzləri dünya ictmaiyyətinə təqdim edilməlidir. Dünya tarixində nə qədər qətliamlar, soyqırımlar olsa da, Azərbaycanda baş verən Xocalı soyqırımı yanında sönük görünür. Bir gecədə insanların vəhşicəsinə məhvi, şəhərin yerlə-yeksan edilməsi insanlığa sığmayan vəhşiliyin təzahürüdür. Uşaq, qoca və hamilə qadınlara qarşı qəddarlıq insanlığa qarşı törədilmiş bəşəri cinayətdir. Beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə və kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir. Xocalı soyqırımı insanlıq tarixində silinməz bir qanlı ləkə olaraq qalacaq. Bu faciənin təşviqatı sərhəd tanımamalıdır. İnsanlar bu dəhşəti unutduqda, tarixin təkrar olunma ehtimalı daha da artır. Hər il fevralın 26-da təşkil edilən anım tədbirləri, “Ana harayı” abidəsinin önündə toplaşan insan izdihamı bu faciənin nə qədər çox insanı narahat etdiyinin bariz nümunəsidir. Xocalı soyqırımı tək bir xalqın deyil, bütün insanlığın faciəsidir. Gələcək nəsillər bu tarixdən dərs çıxarmalı, bənzər faciələrin təkrar olunmaması üçün çalışmalıdırlar. Unutmaq, dəhşətin təkrarlanmasına səbəb ola bilər!
Həcər Ramazanova,
Pirallahı rayonu, 186 №li tam orta məktəbin məktəbdənkənar və
sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı
👁 2 baxış
