Xocalı faciəsindən 33 il ötür

Bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən qəddar, amansız və böyük cinayətlərdən biri hesab olunan Xocalı faciəsindən 33 il ötür. Kədərlə yada salacağımız, tarixdə analoqu olmayan, ötən əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımı yalnız soydaşlarımıza deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət idi. Bu qətliamların müəllifləri isə özlərini dünyaya “əzabkeş” kimi təqdim edən erməni millətçiləridir. Azərbaycan xalqı 200 il ərzində erməni şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur.

Tarix boyu bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyib, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdiriblər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki kimi dəhşətli faciələri ilə bir sırada dayanır. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdır. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdır. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi . 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü.

Xocalı soyqırımı I Qarabağ müharibəsi zamanı Azərbaycanlıların irədəsini qırmaq, ruhdan salmaq, torpaqlarının azadlığı uğrunda mübarizədən çəkindirmək üçün ermənilərin törətdikləri vəhşiliklər zəncirinin bir halqası idi. Qətliamların xüsusi qəddarlıqlarla törədilməsi deməyə əsas verir ki, bu soyqırımı hadisəsi planlaşdırılmış şəkildə həyata keçirilməklə, həm də mənəvi terror hadisəsi idi. Belə bir aktı, yalnız gözünü qanlı düşmənçilik pərdəsi örtmüş ruhsuz, ürəksiz varlıqlar törədə bilər. Faciəyə ədaləti hüquqi-siyasi qiymət Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisin 24 fevral 1994-cü ildə keçirilən iclasının qərarı ilə verilmişdir. Həmin qərara əsasən,  1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da “Xocalı soyqırımı günü” kimi qeyd olunur.

Ermənilərin Xocalıda törətdikləri vəhşiliklər, qeyd etdiyimiz kimi, dünya mətbuatında işıqlandırıldıqca, dünya erməni xislətini getdikcə yaxından tanımağa başlayır. Xüsusilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin zaman-zaman dünyanın böyük dövlətlərində ölkə başçıları ilə apardığı danışıqlar zamanı Azərbaycanın üzləşdiyi faciələri, ermənilərin törətdikləri qətliamları dəlil və sübutlarla diqqətə çatdırması Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya yayılmasında əhəmiyyətli rol oynayır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq layihəsi də Xocalı haqqında həqiqətlərin bəyan olunmasında müstəsna əhəmiyyətə malikdir. Bütün bunların nəticəsidir ki, dünyanın bir sıra ölkələri Xocalı faciəsini ermənilərin Azərbaycanlılara qarşı törətdikləri soyqırım kimi tanıyır. 2020-ci ilin 27 sentyabrında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayıb 44 gün davam edən, böyük Zəfərlə başa çatan haqq savaşımızda əzəli torpağımız olan Xocalımız da öz azadlığına qovuşdu. İndi şəhidlərimizin müqəddəs ruhu dolaşan Xocalıda müqəddəs Bayrağımız da dalğalanmaqdadır. Bu yurddan didərgin düşənlər yavaş-yavaş öz ocağına qayıdır. Xocalı əsl sahiblərinin nəfəsi ilə isinir, müqəddəs ocaq kimi doğma övladlarını öz ətrafına toplayır. İndi Xocalı ilahi həqiqətin bəxş etdiyi əmin-aman günlərini yaşamağa başlayır…

Tural Cəfərov,

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi

👁 baxış