Gənclər işıqlı sabahımızdır

Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu gün Azərbaycanda sağlam, vətənpərvər, intellektli gənclik formalaşıb. Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsilə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılıdır.

Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. O, öz həyatını qurarkən, öncə, müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğı onları doğma yurdu sevməyə, yüksək təhsil alaraq ölkəmizin inkişafına töhfə verməyə həvəsləndirir. Məhz bu diqqət və qayğının nəticəsində bu gün gənclərimiz cəmiyyətin fəal üzvləri kimi ölkə həyatının bütün sahələrində səylə çalışır, Azərbaycanın çiçəklənməsi yolunda əsl vətəndaşlıq mövqeyindən çıxış edirlər.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə gənclərimizə geniş və açıq müzakirə tribunası vermiş ilk forumun keçirildiyi günün ölkəmizdə 1997-ci ildən etibarən Gənclər Günü kimi qeyd olunması ənənəsi bir daha təsdiq edir ki, gənclər siyasəti dövlətimizin sosialyönümlü siyasətinin və insan kapitalının məqsədyönlü inkişafının əsas istiqamətlərindəndir. Ötən müddətdə aparılan işlər gənclərin maraqlarının və ahəngdar inkişafının təmin olunması üçün lazımi şərait yaradılmasını sürətləndirmiş, onların təşkilatlanmasında və ictimai-siyasi fəallığının artmasında əhəmiyyətli rol oynamışdır. Göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycanda milli məfkurəyə sadiq və dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya etməyə qadir olan bir nəsil yetişmişdir.

Gənclərimiz bu gün həyatımızın bütün sahələrində yaxından iştirak edir, ölkəmizin iqtisadi gücünün, hərbi qüdrətinin artması və siyasi nüfuzunun yüksəlməsi, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara əsaslanan vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi işində qüvvə və bacarığını əsirgəmir, zəngin mədəni irsimizin qorunub saxlanması və təbliği yolunda mühüm addımlar atırlar. Azərbaycanda həyata keçirilən gənclər siyasəti yeni nəslin intellektual və innovativ potensialının reallaşmasına hərtərəfli imkan yaratmaqla yanaşı, eyni zamanda, onda dərin vətənpərvərlik ruhu formalaşdırmışdır. Azərbaycan gənci məhz qəlbindəki güclü Vətən sevgisi sayəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirmiş və 44 günlük Vətən müharibəsində Zəfər salnaməsi yazmışdır. Azərbaycan gəncliyi tariximizin bu yeni dövründə də ölkəmizin gələcək inkişafına layiqli töhfələr verəcək, yeni-yeni nailiyyətləri ilə bizi sevindirəcəkdir.

Kamal Quluzadə,

Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı

👁 baxış