“Bizi döyən hərbçilər narkotikin təsiri altında idilər” – Cəlilabadda 1990-cı il yanvar hadisələrinin iştirakçısı

XƏBƏR XƏTTİ
Ərdoğan sabah Qarabağa gəlir•“Bir də görürdüm elə universitetin həyətindədir” – Polad Həşimovun ailəsindən reportaj•Prezidentin Şuşa, Xankəndi və Ağdam səfərindən – VİDEO•“Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” – VİDEO•Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Ərdoğan sabah Qarabağa gəlir•“Bir də görürdüm elə universitetin həyətindədir” – Polad Həşimovun ailəsindən reportaj•Prezidentin Şuşa, Xankəndi və Ağdam səfərindən – VİDEO•“Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” – VİDEO•Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•

Sovet ordusunun 1990-cı il yanvarın 20-də Bakıda törətdiyi qətliamın davamında növbəti hədəf dörd gün sonra Cəlilabad rayonu olub.

Mecra.az “Report”a istinadla xəbər verir ki, sovet ordusu bölmələrinin 1990-cı il yanvarın 24-də Cəlilabad rayonunda dinc əhaliyə divan tutması nəticəsində 100-dən çox adam yaralanıb, onlarla günahsız insan həbs edilib.

35 il əvvəl baş verən qanlı hadisələrin şahidi və iştirakçısı olan Səxavət Böyükağa oğlu Məhərrəmovun sözlərinə görə, həmin günlərdə sovet hərbçiləri ilk növbədə milli-azadlıq hərəkatının fəal iştirakçılarını “neytrallaşdırmağa” çalışıblar:

“O vaxt bütün Azərbaycanı bürüyən azadlıq hərəkatı Cəlilabadda daha güclü olduğu üçün 1990-cı il yanvarın 24-də sovet qoşunları bura yeridildi. Həmin gün sovet zabitləri günorta saatlarında bizi – hərəkat fəallarından olan 11 nəfəri danışıq aparmaq üçün rayonda yerləşən hərbi hissələrdən birinə dəvət etdilər. Hərbi hissəyə getdikdə onlar bizi aldadaraq həbs etdilər”.

S.Məhərrəmov xatırlayır ki, daha sonra onları iki vertolyotla Bakıya aparıblar:

“Ancaq Bakıya çatana qədər bu vertolyotlar iki dəfə eniş etdi. Birinci dəfə bizi qolu bağlı vəziyyətdə vertolyotdan Neftçalanın Qoltuq qəsəbəsində qamışlıq ərazidə düşürdülər. Bizi yarımtikili bir binaya gətirdilər. Bizi həmin binada soyundurub “dubinka” ilə vəhşicəsinə döyməyə başladılar. Hiss olunurdu ki, bizi döyən ehtiyatdan çağırılmış 30-40 yaşlı hərbçilər narkotik maddənin təsiri altındadırlar. Bu, onların bizə qarşı qəddarlığından açıq görünürdü. Sonra bizi dağlıq əraziyə gətirərək itləri üzərimizə qısqırtdılar. Bu “əyləncə”dən sonra bizi yenidən möhkəm döydülər. Onlar belə davranmaqla, yəqin bizə psixoloji təsir göstərmək istəyirdilər”.

Onun sözlərinə görə, Cəlilabaddan Bakıya gedən bu əzablı yolçuluq təqribən dörd saat çəkib. Bakıya gətirildikdə, onları bir ay Şüvəlan həbsxanasında, 11 gün isə xəstəxanada saxladılar:

“Ümumilikdə 1 il 4 ay müxtəlif həbsxanalarda saxlanıldıq. Məhkəməmiz doqquz ay davam etsə də, hər hansı sübut olmadığı üçün bizi azadlığa buraxdılar”.

S.Məhərrəmov sovet ordusunun keçirdiyi “Cəlilabad əməliyyatı”nın ağır nəticələrini bir daha xatırladaraq çəkilən əziyyətlərin boşa getmədiyini vurğulayıb:

“Ümumilikdə Cəlilabad hadisələrində 100-dən çox sakin müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Aldığı güllə yaraları ağır olduğundan, onlardan 14 nəfəri ömürlük əlil qaldı. Şükür Allaha, bu gün qüdrətli dövlətimiz və ordumuz var. Həmin dəhşətli və məşəqqətli yanvar günlərində çəkdiyimiz əziyyət hədər getməyib”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt