Bu müsahibə kifayət qədər ciddi mesajların qaynağıdır

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 2025-ci il, yanvarın 7-də yerli telekanallara müsahibə vermişdir. Bu müsahibə kifayət qədər ciddi mesajların qaynağıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq siyasət aparır və bunun nəticələri, uğurları və gözləntiləri barəsində media vasitəsilə geniş ictimaiyyət məlumatlandırılır. Ölkə Prezidentinin yerli televiziya kanallarına müsahibəsi ənənə halı alıb. Belə ki, dövlətimizin başçısı aparıcı yerli televiziya kanallarının əməkdaşlarına müsahibələr verir və onları düşündürən sualları çox dolğun şəkildə cavablandırır. Əslində yerli televiziya kanallarının əməkdaşlarının dövlətimizin başçısına ünvanlandığı suallar ölkə, region və beynəlxalq ictimaiyyəti maraqlandıran çox əhəmiyyətli məsələlərdir.

Azərbaycan Prezidentinin müsahibəsi yeni dövrün başlanğıcında yeni hədəflərin açıqlanması baxımından da böyük önəm kəsb edir. Ölkə başçısı müsahibəsində növbəti dəfə maskaları yırtır, ikili standartlar yürüdən dövlətləri, təşkilatları öz adı ilə çağırır. ATƏT-in Minsk qrupu, Avropa Komissiyası və onun prezidenti, Fransa prezidenti, Ermənistan rəhbərliyi və onunla həmrəy olan islamofob, azərbaycanofob, irqçi, ksenofob dairələr, xarici ölkələrin nümayəndələri, İkinci Qarabağ müharibəsi zamanı Ermənistana yanacaqdaşıyan yük maşınları göndərən əvvəlki İran hökuməti, haqq savaşımız dönəmində düşmən ölkəyə dəstək verən keçmiş Suriya hakimiyyəti, müstəmləkəçilik siyasəti yürüdən dövlətlər ikili standartları ilə beynəlxalq ictimaiyyətin gözü önündə Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirirlər.

Dövlətimizin başçısı müsahibəsində geosiyasi və geoiqtisadi məsələlərin təhlilini verdi və bununla da hər kəs müasir qlobal nizamda Azərbaycanın yerini və rolunu aydın şəkildə görmək imkanını əldə etdi. Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə isə milli gücünün artmasını təmin edib. Bununla yanaşı, tarazlaşdırılmış və milli maraqlara əsaslanan siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib. Hazırda regional güc mərkəzi olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ən mühüm məqam isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasıdır. Ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Azərbaycanın həyatında yeni mərhələ başlayıb.

Yanvarın 7-də baş tutan müsahibə zamanı dövlətimizin başçısı jurnalistlərin ünvanlandığı hər bir sualın cavabını çox geniş şəkildə təhlil edərək geniş ictimaiyyətə çatdırdı. Jurnalistlərin birbaşa Prezidentlə təması və onları düşündürən suallara cavab verilməsi dünya praktikasında çox az rast gəlinən haldır. Bununla da Prezident İlham Əliyev mətbuata və ictimaiyyətə açıq olmaqla öz xalqını sevən Lider olduğunu bir daha sübut etmiş oldu.

 Fazil Məhəmmədov,

Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü

 

 

👁 baxış