“Hamı ürəyində bir şam yandırıb…” – Əlirza Həsrətin şeirlər

Mecra.az tanınmış şair Əlirza Həsrətin şeirlərini təqdim edir:

GÜNƏŞİN

Açıb çətirini xanım buludlar,
Nəfəsi çatmayır Yerə Günəşin.
Hamı ürəyində bir şam yandırıb,-
Gərək heykəlini qura Günəşin.

Hər quş bir ilmədir, Göy üzü hana,
Hər işıq zərrəsi məlhəmdir cana.
İlahi,dünyada bundan o yana,-
Nə var ki yerini verə Günəşin?

Görsən ki düşürəm son yarpaq kimi,
Ovcuna al məni sən torpaq kimi.
Könül verdiklərim, uca dağ kimi,-
Hər səhər üzünə dura Günəşin!

ATA

Sevgiylə yaşamaq bir adətimdir,
Ataya məhəbbət ibadətimdir.
Hər yaşda atasız adam yetimdir,
İlahi varlıqdır, mələkdir ata.

Hökmdar ola da, nökər ola da,
Boynuna min yerdən ha qol dola da,
Uşağa,cavana,ağsaqqala da,
Vətən torpağıtək gərəkdir ata.

İstəyi uludur, sevdası qədim,
Bu eşqə qürurla təzim elədim.
Əyilməz qamətim, bükülməz qəddim,
Hər vaxt söykəndiyim dirəkdir ata.

BULUD

İlahi, nə gözəl kövrəlib elə,
Gözləri nə gözəl suludu bulud.
Torpağı bağrına basan yağışın,
Cığırıdı bulud, yoludu bulud.

Ay aşıq, mizrabı yavaş vur telə,
Arxdan köz götürən selə bax,selə.
Düşüb arxasınca səhərdən elə,
Nə gözəl qovlayır buludu bulud.

Bir-bir lələyini dərib quşların,
Könlünü ahına verib quşların.
Bəlkə daxmasıdır qərib quşların,
Baxın, göy üzündə doludu bulud.

YARI SEVDA,YARI QÜBAR

Ömrüm gün-gün töküldükcə,
Qalxıram yoxuş payımı.
Bir qərib sıxıb gözünü,-
Göndərdi yağış payımı.

Eşqə bax alın tərində,
Silsən, gül bitər yerində.
Tapdım sənin gözlərində,
Ən gözəl baxış payımı.

Ruzidir əlimdə qabar,
Yarı sevda, yarı qübar.
Qarından göndərib dağlar,
Saçıma naxış payımı.

👁 baxış