Ötən axşam Bakı-Qazax magistral yolunun Tovuzdan keçən hissəsində baş verən qəzada xəsarət alan 13 yaşlı Z.Həsənov vəfat edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o bu gün müalicə aldığı Gəncə Şəhər Birləşmiş Xəstəxanasında dünyasını dəyişib.
Qeyd edək ki, “Mercedes” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində 6 nəfər həyatını itirib. “VAZ”da olan 5 hərbçinin hamısı, digər avtomobildə olan mülki şəxs Elmar Həsənov hadisə yerində dünyasını dəyişib. Onun oğlu, 13 yaşlı Z.Həsənov isə ağır bədən xəsarətləri almışdı.
***
Hadisə ilə bağlı TƏBİB sorğumuza cavab verib.
Bildirilib ki, ötən gün baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2011-ci il təvəllüdlü yeniyetmə saat 20:40 radələrində aqonal vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
“Başın, döş qəfəsinin, bədənin müxtəlif nahiyələrinin qapalı və açıq zədələnməsi diaqnozu ilə ona zəruri tibbi yardım göstərilib. İxtisaslı tibbi xidmət üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub.
Reanimasiya şöbəsində süni tənəffüs aparatı ilə tənəffüs dəstəyi alan yeniyetmənin göstərilən bütün reanimasiyon tədbirlərə baxmayaraq, ölüm faktı qeydə alınıb”.