1980-ci illərin sonu, 1990-cı illərin əvvəlləri ölkəmiz üçün olduqca çətin və qarışıq bir dövr kimi xarakterizə edilir. Bir tərəfdən erməni təcavüzü, digər tərəfdən daxili hərc-mərclik və vətəndaş qarşıdurması təhlükəsi, başqa bir tərəfdən yarıtmaz rəhbərlik ölkəni sözün əsl mənasında məhv olmaq riski ilə qarşı-qarşıya qoyurdu. Belə bir vaxtda Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparmaq, həm daxili, həm də xarici təzyiqlərlə üzləşmək, xalqı vahid məqsəd ətrafında birləşdirmək olduqca çətin idi.
Beləliklə, bu dövr, Azərbaycanda dövlət idarəçiliyinin zəiflədiyi, siyasi çaxnaşmaların və dövlət orqanlarının səriştəsizliyinin baş qaldırdığı bir zaman dilimi idi. Ermənistanın Dağlıq Qarabağ bölgəsindəki separatçı hərəkatı, sovet imperiyasının süqut etməkdə olduğu bir şəraitdə Azərbaycanın ərazi bütövlüyünə böyük bir təhdid yaratdı. Təəssüf ki, daxildəki qarışıqlar Qarabağa lazımınca diqqət ayrılmasını mümkünsüz etdi və erməni işğalına şərait yaratdı. Nəticədə erməni təcavüzü günü-gündən daha geniş vüsət aldı və əzəli torpaqlarımız düşmən tapdağına məruz qaldı. Bu müharibədə Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyətlərindən biri məhz Kəlbəcər şəhərinin itirilməsi oldu.
1993-cü ilin aprelində, Ermənistan Silahlı Qüvvələri Kəlbəcər rayonunu işğal etdi. Bu rayonun itirilməsi, müharibənin taleyini ciddi şəkildə dəyişdirdi. Kəlbəcərin işğalı, Azərbaycanın hərbi-strateji baxımdan ən böyük məğlubiyyətlərindən biri olaraq tarixə düşdü. Buna səbəb rayonun Azərbaycanın Qarabağla olan əlaqəsini təmin edən əsas yolların kəsişmə nöqtəsində yerləşməsi idi. Kəlbəcərin itirilməsi, Ermənistanın müharibədə üstünlük qazanmasına və Dağlıq Qarabağ bölgəsindəki hərbi vəziyyəti öz xeyrinə çevirməsinə imkan yaratdı. İşğal, Ermənistanın Qarabağla olan quru əlaqəsinin coğrafiyasını genişləndirdi və Qarabağda olan işğalçı birləşmələrə silah, sursat, canlı qüvvə dəstəyi üçün şərait yaratdı. Azərbaycan ordusunun zəif təchizatı, təşkilatlanma problemləri və təcrübəsizlik, işğalın qarşısını almağa mane oldu.
Digər rayonlarda olduğu kimi Kəlbəcərin də işğalı, yalnız hərbi-siyasi bir məğlubiyyət deyil, həm də böyük bir humanitar fəlakətə səbəb oldu. İşğaldan sonra, rayonun əhalisi kütləvi şəkildə qaçqın vəziyyətinə düşdü. Kəlbəcər, çoxsaylı kənd və şəhərləri ilə birlikdə tamamilə tərk edildi. İnsanlar öz evlərini, torpaqlarını tərk edərək, çətin şəraitdə başqa rayonlara sığınmağa məcbur oldular.
Bununla yanaşı, işğaldan sonra Kəlbəcər rayonunda erməni barbarları tərəfindən ciddi şəkildə mədəni və tarixi irsə ziyan vuruldu, çoxsaylı məscidlər, dini abidələr, kəndlər və tarixi yerlər dağıdıldı. Bu, yalnız hərbi məğlubiyyət deyil, eyni zamanda Azərbaycanın milli mədəniyyətinə və irsinə qarşı edilən bir təcavüz idi. Qeyd edək ki, bu təcavüz 2020-ci ildə Kəlbəcərin azadlığından sonra erməni əhalinin şəhəri tərk etməsi üçün verilən qısa zaman kəsiyində də davam etdi. Bütün dünyanın gözü qarşısında Kəlbəcərdə yaşayan ermənilər buranı tərk edərkən evləri, məktəbləri yandırdılar, ağacları kəsdilər və daha bir çox tayı-bərabəri olmayan barbarlıq nümunəsi göstərdilər. Bunu əks etdirən kadrlar beynəlxalq kütləvi informasiya vasitələrində yayımlandı. Ancaq yenə də heç bir beynəlxalq qurum, Qeyri Hökumət Təşkilatı və ya aktivist bu hərəkətləri qınamadı. Dünya daha bir dəfə riyakarlığını və ikili standartlar siyasətini göstərməkdən çəkinmədi.
Beləliklə, Kəlbəcərin işğalı, Azərbaycanın müstəqilliyinin ilk illərində yaşadığı ən böyük hərbi məğlubiyyətlərindən biridir. Lakin, 2020-ci ildə baş verən İkinci Qarabağ Müharibəsi, bu məğlubiyyətin intiqamını almaq və Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək baxımından tarixi bir imkan yaratdı. Azərbaycan ordusunun mükəmməl hazırlığı və texnoloji üstünlüyü, Azərbaycan Prezidentinin diplomatik uğurları nəticəsində torpaqlarımız erməni işğalından azad edildi. Bu, yalnız hərbi baxımdan deyil, həm də mənəvi və milli əhəmiyyət daşıyan bir qələbə idi.
Mübariz Xudaverdiyev
Qarabağ müharibəsi Əlilləri, Veteranları və
Şəhid ailələri İctimai Birliyinin Pirallahı rayon filialının sədr müavini