Cəlilabadda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər dünyasını dəyişib, iki nəfər xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 29-da saat 18:50 radələrində rayonun Cəlayir kəndi ərazisində 1964-cü il təvəllüdlü Vahid Əsgərov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən piyada T.Əmiyevanı vurub. Sonra idarəetməni itirərək qarşıdan gələn, K.Məmmədovun idarə etdiyi “VAZ 2107” avtomobili ilə toqquşub.
Qəza nəticəsində V.Əsgərov ölüb, piyada və digər sürücü isə bədən xəsarətləri alıblar.
Araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad rayonu, Cəlayir kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Məcra.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “VAZ” markalı iki minik avtomobili toqquşub və 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.