Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Lerik rayonuna səfər edib.
Məcra.az qafqazinfo.az-a istinadla xəbər verir ki, Leyla Əliyeva səfər çərçivəsində babası, ümummilli lider Heydər Əliyevin yaxın dostu olmuş lerikli mərhum çoban Xanış Şahıyevin evində olub, onun ailə üzvləri ilə söhbət edib.
Söhbət zamanı ümummilli lider Heydər Əliyevlə Xanış Şahıyev arasındakı səmimi dostluq, Prezident İlham Əliyevlə olan görüşlər xatırlanıb. Heydər Əliyevlə çoban Xanışın dostluğunu əks etdirən, müxtəlif görüşlərdən xatirə olan fotoalboma baxılıb.
Zəfər Günü ərəfəsində baş tutan görüşdə Xanış Şahıyevin Vətən müharibəsində şəhid olmuş nəvələrinin – Altay və Elgünün xatirələri yad edilib, onların döyüş yolu xatırlanıb. Bildirilib ki, onların əmiləri Camal və Hüseyn Şahıyevlər isə Birinci Qarabağ müharibəsində şəhid olublar.
Xatırladaq ki, 90-cı illərdə Heydər Əliyevin Xanış kişi ilə dostluğu dillər əzbəri idi. Ulu öndərin vəfatından sonra Prezident İlham Əliyev də bu münasibəti qoruyub saxlamış, Xanış kişi ilə səmimi ünsiyyəti davam etdirmişdi. Leyla Əliyevanın onların evinə getməsi də dostluq tellərinin qırılmadığını, əksinə qorunduğunu göstərmiş oldu.
Hər il Qurban bayramında öz fermasından 100-ə yaxın qoyun kəsib Bakıda və digər bölgələrdə yaşayan məcburi köçkünlərə paylayan Xanış kişi və ailəsi səxavətin, Heydər Əliyev və davamçılarının onlara münasibəti isə sədaqətin nümunəsidir.
Bu yerdə xalqımızın məşhur atalar sözü də yerinə düşür: “Hər şeyin təzəsi, dostun köhnəsi!”
Fotoda şəhid Altay və Elgün Mövlanov qardaşları