Prezident İlham Əliyevin cari ilin 24 oktyabr tarixində Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxışında deyildiyi kimi, Azərbaycan artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verir və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcək.
Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu göz qabağındadır. Bu layihələr dünyanın enerji xəritəsini yenidən tərtib edir. Azərbaycanın hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməsi davamlı uğurlarında mühüm rol oynayır. Hazırkı dövrün əsas çağırışlarından biri bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır ki, bu istiqamətdə də ölkəmizin malik olduğu potensial, əlaqələrin qurulması istiqamətində atdığı addımlar təqdir edilir. Hər bir çağırış yeni əməkdaşlıq formatının yaradılmasına, yeni körpülərin qurulmasına yol açır.
Vacib məqamlardan biri də ölkəmizin COP29-a ev sahibliyi ilə bağlı idi və Prezident çıxışında bu məqam üzrəində də xüsusi olaraq dayandı. Şübhəsiz ki, ölkəmizin COP29-un sədr ölkəsi olaraq dünya iqlim diplomatiyasının formalaşdırılmasında aktiv şəkildə iştirak etməsi, eləcə də Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa verdiyi töhfə ölkəmizi BRİCS üçün də cəlbedici edir.
Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Azərbaycanı dünyanın diqqətində saxlayan COP29 Azərbaycanla yanaşı, iştirakçı ölkələrin də malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayacaq. Bu isə öz növbəsində yeni əməkdaşlıq formatlarının yaradılmasını şərtləndirəcək.
Əlyusif Aslanov,
Cəlilabad Tibb Kollecinin direktoru