“Vətən müharibəsinin böyük qələbəsi”

Azərbaycan xalqının tarixində şərəfli anlar, qələbələr çox olub. Onların sırasında Füzulinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır. Oktyabrın 17-si Füzulinin Ermənistan işğalından azad edilməsi nəinki füzulilərin xatirəsində,
Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. İşğaldan azad olunmuş torpaqlarımızın inkişafını görən həyatdan getmiş on minlərlə qaçqın və köçkünlərimizin ruhu da şad və rahat olacaqdır.

Qarabağın digər məntəqələri kimi, Füzulinin də işğaldan azad olunması böyük rəmzi məna daşıyır. Azərbaycan Ordusu buradakı savaş meydanında özünü məsuliyyətli və peşəkar ordu kimi nümayiş etdirdi. Baxmayaraq ki,
namərd, xain düşmən hərbi cinayətlər törədir, dinc əhalini atəşə tutur və bunun nəticəsində azyaşlı uşaqlar həlak olurdu, Azərbaycan Ordusu bu əməllərin qisasını mülki vətəndaşlardan almırdı. Biz döyüş meydanında
qisasımızı almışıq və həlak olanların qanı yerdə qalmayıb. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər
ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur.

Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində rayonun 22
yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Qələbə ilə bitən bu hərbi əməliyyatlara Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin əmri ilə başlanmışdır. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon
əhalisinin 50%-ə qədəri yaşayır. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 657 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür.

Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Çox böyük peşəkarlıq, məharət, şücaət və fədakarlıq tələb etmiş bu döyüşlər haqqında kitablar yazılacaqdır. 30 il ərzində düşmən
təmas xəttində o qədər möhkəm istehkam qurmuşdu, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə
aylarla vaxt lazım olacaq.

Bəli, oktyabrın 17-si bizim tariximizdə əbədi qalacaq. Bu Qələbənin çox böyük mənası var idi. Əlmatdar hadisələrdən biri kimi Cənab Prezidentin və birinci xanım Mehriban Əliyevanın azad edilmiş Füzuliyə, səfərləri qələbəmizin
möhkəmlənməsində mühüm rol oynadı. Prezident hər dfə burada olarkən deyib ki, oradan bəyan etmişdi ki, Füzuli qurulacaq, bərpa ediləcək. Artıq Füzulidə quruculuq bərpa işlərinə gedir. Əminik ki, cənab Prezidentimizin
rəhbərliyi ilə xalqımızı qarşıda yeni-yeni uğurlar gözləyir.

Məmmədzadə Əliyev,

Cəlilabad RİH-nin şöbə müdiri