Xəbər verdiyimiz kimi, bu gün 5 oktyabr Müəllimlər Günüdür. Belə bir tarixi gündə Vətən müharibəsində qəhrəmancasına şəhid olan müəllimlərimizi də xatırlamaq yerinə düşərdi. 44 günlük Qarabağ savaşında şəhid olan müəllimlərimizdən biri də kimya-biologiya müəllimi, leytenant Tural Rəhimovdur.
Məcra.az xəbər verir ki, bunu Redaktor.az-a açıqlamasında şəhid leytenantımızın qardaşı, riyaziyyat müəllimi Bəhruz Rəhimov öz təəssüratlarını bölüşüb.
O, müəllimlər günündə də şəhidlərimizi yad etdiklərini deyib:
“Hər il 5 oktyabrda çalışdığım Cəlilabad rayon Muğan kənd orta məktəbində şəhid müəllimlərimizi anırıq. Mən qardaşım Turalı həmişə vətənpərvər bir müəllim kimi xatırlayacam. Çünki o, döyüşə də sevinə-sevinə getmişdi. Düşünürəm ki, şəhid müəllimlərimiz şagirdləri üçün ayrıca bir məktəb qoyub getdilər. Şagirdlərimizdə vətənpərvərlik ruhunun aşılanması üçün şəhid müəllimlərimizin göstərdiyi qəhrəmanlıqlardan onlara danışmaq çox vacibdir”.
Şəhid qardaşı Turalın 2016-cı il Şanlı aprel döyüşlərində də iştirak etdiyini bildirib:
“Tural 2016-cı il Şanlı apel döyüşlərində də iştirak etdi. Onda döyüşün yarımçıq dayandırılmasına görə həmişə heyifsilənirdi. Deyirdi ki, torpaqlarımızı işğaldan azad edə bilmədik. Ona görə də Vətən müharibəsinə yollananda deyirdi ki, kaş bu döyüş yarımçıq dayandırılmasın, torpaqlarımızı son qarışına qədər düşməndən azad edək. Şükür Allaha ki, elə də oldu. İşğalda olan bütün rayonlarımız düşməndən azad edildi. Bir şəhid ailəsi kimi bizi sevindirən budur”.
Qeyd edək ki, Tural Rəhimov 1993-cü il yanvarın 1-də Cəlilabad rayonunun Söyüdlü kəndində müəllim ailəsində anadan olub. 1999-2003-cü illərdə Söyüdlü kənd tam orta məktəbində, 2003-2008-ci illərdə Muğan kənd tam orta məktəbində, 2008-2010-cu illərdə isə Cəlilabad şəhərində 1 nömrəli tam orta məktəbində təhsil alıb. 2010-2014-cü illərdə Lənkəran Dövlət Universitetində (LDU) “Kimya-biologiya” ixtiası üzrə təhsil alıb. 2016-cı ildən isə müəllim kimi işə başlayıb. Vətən müharibəsi zamanı isə Tural Rəhimov Cəbrayıl və Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhidimizin bir qızı yadigar qalıb.
Ölümündən sonra ölkə başçısı tərəfindən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Vasif ƏLİHÜSEYN