“Siqaretin bütün növləri və onu tərgitmək üçün hazırlanan vasitələrin hamısı insanlar üçün zərərlidir. Bunların içində ən zərərli və təhlükəlisi isə filtirsiz siqaretlərdir. Azad İstehlakçılar Birliyi 27 il ərzində ölkədə 4 müəssisənin bağlanmasına nail olub. Buna görə təzyiqlərə məruz qalmışıq”
Bunu Məcra.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Ekspert bildirib ki, bütün dünyanın qəbul etdiyi zərər siqaret və tütün məmulatlarıdır:
“Lakin 8 ildir ki, Şəkidə yenidən filtirsiz və təhlükəli siqaret istehsalı davam edir. Şəhərdə bu siqaretlər 50 qəpiyə satılır”.
E.Hüseynov deyib ki, bir çox ölkələrdə siqaret satışı məhdudlaşdırılıb:
“Azərbaycan dünyanın az ölkələrindən biridir ki, supermarketlərə girəndə müştərini siqaret və reklam lövhəsi qarşılayır. Sizin sayt vasitəsilə çağırış edirəm ki, heç olmaya COP29 tədbiri müddətində siqaretlərlə bağlı stendlərin üstü örtülsün. Filippində siqaret çox az-az yerlərdə satılır və bunun özüm orda qonaq olarkən şahidi olmuşam. İtaliyada böyük məhdudiyyət var, əhalinin siqaret çəkməsi aşağı səviyyədədir. Azərbaycan isə dünyanın çox nadir ölkələrindən biridir ki, siqaretin açıq reklamı gedir. Bütün bu problemlər Azərbaycanda orta insan ömrünün 190 ölkə arasında 115-ci yerdə sıralamasına gətirib çıxarıb. Bu isə çox pis haldır. Mən qətiyyən tütün əkilməsinin, inkişafının əleyhinəyəm. Bu gərək bizim ölkədə olmasın. Mən bir müddət öncə qardaş Türkiyədə səfərdə oldum və belə qənaətə gəldim ki, bir çox pis adətlər bizə ordan gəlir. Türkiyədə qadınların əksər hissəsi kişilərlə bərabər siqaret çəkirlər. Bu isə böyük biabırçılıqdır. Bizdə isə böyük yanında kimsə siqaret çəkməzdi və bu indi bir çox ailələrdə də davam edir”.
Raqil