“Torpaqlarımızın işğaldan azad edilməsi, suverenliyimizin bərpası hər birimizdə qürur və sevinc yaradıb. İllərdir ki, həsrətini çəkdiyimiz el-obalarımız yenidən dirçəlir, Qarabağda həyat bərpa olunur. Builki parlament seçkiləri də Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyacaq. Müstəqillik dövründə ilk dəfədir ki, bütün Azərbaycan ərazisində Milli Məclisə səsvermə keçiriləcək və vətəndaşlarımız bu seçkilərdə iştirak edəcəklər”.
Bu fikiriləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Azərbaycanın Əməkdar artisti, tanınmış xanəndə Təyyar Bayramov deyib.
O bildirib ki, bu il seçicilərin bir qisminin Qarabağda, işğaldan azad edilmiş ərazilərdə səs verməsi fərqli hisslər yaradır.
“Azad edilmiş şəhər və kəndlərimizdə bərpa quruculuq işləri ilə çox sürətlə aparılır. Bunun nəticəsidir ki, artıq xeyli insanımız öz doğma yurd-yuvasına qayıdıb. Azadlığına qovuşmuş torpaqlarımızda bu gün seçkilər keçirilir . Bu, dövlətimizin gücünü, qüdrətini bir daha əyani şəkildə bütün dünyaya sübut edir. İnanıram ki, bu seçkilər Azərbaycanın bütün ərazilərində keçirilən ilk parlament seçkiləri olmala yanaşı, gələcək inkişafımızda da müstəsna rol oynayacaq”, – deyə Əməkdar artist vurğulayıb.