Ötən ay Azərbaycanda istehlak bazarında bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb.
Məcra.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, yumurtanın, kərə və zeytun yağlarının, limonun, albalının, gilasın, göyərtinin, pomidorun, xiyarın, göy lobyanın, ucuzlaşma isə günəbaxan və qarğıdalı yağlarının, armudun, alçanın, gavalının, əriyin, şaftalının, qarpızın, yemişin, çiyələyin, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, kartofun, soğanın qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
İyul ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından bahalaşma “Aİ92” markalı avtomobil benzininin, dizel yanacağının, zərgərlik məmulatlarının, ucuzlaşma isə “Aİ-95” markalı avtomobil benzininin qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Məlumatda həmçinin qeyd olunub ki, bu ilin iyul ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən bərk məişət tullantılarının daşınması, metro, avtobus və taksi nəqliyyatı ilə sərnişindaşıma, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub.