Səhəri çox acı xəbərlə açdıq. Xocalı faciəsi zamanı səkkiz gün erməni əsirliyində olmazın işgəncələrinə məruz qalan Dürdanə Ağayeva dörd illik mübarizədən sonra xərçəngə yenik düşdü.
Dürdanə xanımın çox ağrılı bir həyat hekayəsi var, dəfələrlə bununla bağlı ondan müsahibələr almışam. “Erməni zindanında səkkiz gün” kitabını oxuyandan sonra onu axtarıb tapmışdım.
Dürdanə xanımın erməni əsirliyində çəkdiyi işgəncələr isə sadəcə, dəhşətdir. Onlardan yaddaşımda olanları sizinlə bölüşürəm:
“Məni fevral ayının soyuq qış günündə soyuq suyla dolu vannaya girməyə məcbur edirdilər. Məcbur olub girirdim suda qalırdım, çünki başqa çarəm yox idi. Sonra sudan çıxarıb zəncirlə döyürdülər”.
“Məni kamerada döyəndən sonra ermənilərdən biri palçıqlı batinkasını ağzıma sürtüb dedi ki, torpaq istəyirsiniz, al, bu da sənə torpaq”.
“Məni maşına mindirib Xocalıdakı evimizə gətirdilər. Ayaq üstə yeriməyə qoymurdular, iməkləyirdim. Ətrafdakılar isə məni daşa basıb, təhqir edirdi”.
Dürdanə xanımın işgəncə həyatından bəhs edən hekayəsini Xocalı haqda hazırladığım kitaba da salmışam, inşallah, qismət olsa fevral ayında çap olunacaq.
Onu qardaşı Elşənlə birlikdə erməni girovluğundan Milli Qəhrəman Allahverdi Bağırov xilas etmişdi. Bunu həmişə dilinə gətirib ona rəhmət oxuyurdu. Hətta Ağdam işğaldan azad ediləndən sonra gedib Allahverdi Bağırovun da məzarını ziyarət etmişdi.
O, əsirlikdən qayıtdıqdan sonra yenə rabitəçi kimi işinə davam edir. Bir gün ora-gəlib gedən abonentlərdən biri Dürdanə xanımı görür və onunla ailə qurmaq istəyir. Dürdanə xanım o, illəri mənə belə nəql etmişdi:
“Bu adam mənimlə ailə qurmaq istəsə də, kim olduğumu dərindən bilmirdi. Bir gün onunla görüşüb oturduq və erməni əsirliyində başıma gələn işgəncələrin hamısını ona danışdım. O, bunları normal qəbul elədi və bildirdi ki, mənimlə ailə qurmaq istəyir. Biz ailə qurduq və bir qızımız dünyaya gəldi. O da çox çətinliklə, çünki əsirlikdə aldığım zərbələr məndə böyük izlər buraxmışdı”.
Dürdanə xanımın həyat yoldaşı bir neçə il öncə dünyasını dəyişdi. Həmişə o yaxşı adam haqqında ağızdolusu danışırdı. Elə “Erməni zindanında səkkiz gün” kitabını da həyat yoldaşıyla məsləhətləşəndən sonra yazmışdı.
Sonuncu müsahibəsi zamanı isə dedi ki, “Qızımdan nigaranam, çünki onun məndən başqa heç kimi yoxdur. Yoxsa, ölümdən qorxmuram”.
Xocalının işğaldan azad edildiyini görüb Xocalıya qayıda bilməyən qadın, rahat uyu, sənin övladın bu yurda əmanətdir! Ruhun şad olsun!
Vasif Əlihüseyn
Bakupost.az üçün