Strateji tərəfdaşlıq münasibətləri genişlənir

Azərbaycan Prezidenti İlham Əliyevin Oksfordda baş tutmuş mühüm əhəmiyyətli Zirvə görüşündə iştirakı bir daha sübut etdi ki, bu gün Azərbaycan dünyanın ən nüfuzlu və sabit inkişaf etməkdə olan ölkələri arasında öz yerini kifayət qədər möhkəmləndirib.

Bir neçə il əvvəl Azərbaycan dünyada Cənubi Qafqazın iqtisadi və hərbi gücü, nəhəng enerji və nəqliyyat infrastrukturlarının müəllifi, regionda söz sahibi olan aparıcı dövlət kimi tanınırdı. 2020-ci ilin Vətən müharibəsində isə bunların sırasına biri də əlavə olundu: Cənubi Qafqazın qalib dövləti. 44 günlük müharibədə qazanılan qələbə Azərbaycana dünyada olan ehtiramı daha da gücləndirdi, dövlətimizin nüfuzunu daha da artırdı. Azərbaycan öz gücü ilə tarixi ədaləti bərpa edib və yeni reallıqlar yaradıb.

Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır. Bu, çox böyük məsuliyyətdir və əlbəttə ki, biz yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyimizi yerinə yetirmək üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, bizim hədəfimizdir. Bizim resurslarımız və infrastrukturumuz var. Yeni tərəfdaşlarla, əsasən Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirməliyik, həmçinin mövcud bazarlara qaz təchizatımızın artırılması üzərində çalışmalıyıq. Çünki bizim İtaliyaya təchizatımız 9 milyard kubmetrdirsə, İtaliyaya bizdən 20 milyard kubmetr qaz lazımdır. Bu, sadəcə, qazımıza olan tələbatın bir nümunəsidir.

Bərpaolunan  enerji ilə bağlı şirkətlər Azərbaycana böyük maraq göstərirlər. İllər keçdikcə bu şirkətlərin sayı artacaq. Ötən ilin dekabr ayında Buxarest şəhərində yaşıl enerjiyə dair mühüm tədbir keçirildi. Azərbaycan, Gürcüstan Macarıstan, Rumıniya bir araya gəldi və Avropa Komissiyasının Prezidenti də həmin tədbirdə iştirak etdi. Orada yaşıl enerjiyə və transmissiyaya dair müvafiq sənəd imzalandı. Bu layihə daha çox ölkələr və şirkətlər cəlb edəcəkdir.

Tarixi Zəfərimizdən sonra Azərbaycan daha qlobal xarici siyasət həyata keçirir, müxtəlif beynəlxalq platformalarda aktiv iştirak edir. Azərbaycanın etibarlı tərəfdaş kimi tanınması və mövqeyini möhkəmləndirməsi ölkəmizin münasibətlərdə qarşılıqlı etimada böyük önəm verdiyni, bunu sözdə deyil, əməldə sübut etdiyini təsdiqləyir. Azərbaycanın ev sahibliyi edəcəyi COP29 bütün bu reallıqların, eyni zamanda, ölkəmizin təşəbbüskarı və iştirakçısı olacağı əməkdaşlıq formatlarının təqdimatı olacaq. Bütün bunlar Azərbaycanın zəngin təcrübəyə, böyük potensiala, ən əsası onların uğurlara yol açmasını təmin edən düzgün və gələcəyə hesablanmış siyasətə malik olmasının göstəricisidir.

 

 

Seymur Abbasov,

Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı

PAGE TOP