19-23 iyun 2024-cü il tarixlərində Amerikanın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi və Amerika təhsil proqramlarının məzunlarının təşəbbüsü ilə “Azərbaycan Oğlanların İnnovasiya Düşərgəsi” təşkil edilib.
Düşərgənin əsas məqsədi Azərbaycanın Gəncə, Mingəçevir, Tərtər, Füzuli, Zəngilan, Qubadlı və digər rayonlarında yaşayan 13-15 yaşlı yeniyetmələrin robotika və proqramlaşdırma sahəsində məlumatlığını artırmaq və onların biznes bacarıqlarının inkişaf etdirilməsi vasitəsi ilə regionların sosial-iqtisadi inkişafına dəstək verməkdir.
İnnovasiya düşərgəsi müddətində iştirakçılar yuxarıda qeyd edilən əsas istiqamətlər üzrə təlimlərdə iştirak etmiş, həmçinin icma problemlərinin üzə çıxarılması və onların biznes xarakterli həll yollarının tapılması, startapların yaradılması və idarə edilməsi, liderlik, komanda işi, tənqidi düşüncə bacarığı, kariyera planlaması kimi mövzular haqqında müzakirələr aparmışlar.
Düşərgənin sonunda iştirakçılar düşərgə müddəti ərzində formalaşdırdıqları biznes ideyalarını təqdim etmiş və ən yaxşı ideyalar mükafatlandırılmışdır.
Bu layihə, Azərbaycan gənclərinin texnoloji və iqtisadi sahələrdə inkişafını təşviq etməklə yanaşı, onların liderlik və komanda işində bacarıqlarını artırmaq məqsədini daşıyır. Layihənin təşkilatçıları gələcəkdə bu cür təşəbbüslərin davamlı olacağını və daha çox yeniyetmənin bu imkanlardan faydalanacağını ümid edirlər.